Kəlbəcər rayonu 1993-cü ildən etibarən Ermənistan tərəfindən işğal olunmuşdu və bu uzun müddət ərzində ərazidə azərbaycanlıların izi silinməyə çalışılmışdı. Rayonun bütün yaşayış məntəqələri dağıdılmış, tarixi və mədəni irsi məhv edilmiş, infrastrukturu tamamilə sıradan çıxarılmışdı. Uzun illər davam edən bu işğal həm də Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılmış bir təcavüz kimi beynəlxalq aləmin diqqətinə çatdırılsa da, ikili standartlar nəticəsində faktiki olaraq heç bir təsirli tədbir görülməmişdi.

2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan üçün yeni bir dövrün başlanğıcı oldu. Ordumuzun uğurlu əməliyyatları nəticəsində Ermənistan döyüş meydanında məğlubiyyətini etiraf etməyə məcbur oldu. 10 noyabr 2020-ci il tarixində imzalanmış kapitulyasiya aktı ilə Kəlbəcər, Laçın və Ağdam rayonları qan tökülmədən təhvil verildi. Bu, Azərbaycan dövlətinin gücünün və Prezident İlham Əliyevin strateji siyasətinin uğurunun bariz nümunəsi oldu.
Kəlbəcərin azad olunmasından sonra bölgədə sürətli bərpa işləri başlandı. Yaşayış məntəqələrinin salınması, yolların tikilməsi, su və elektrik infrastrukturunun bərpası regionu yenidən iqtisadi və sosial baxımdan canlandırdı. Xüsusilə İstisu mineral su zavodunun uzun illərdən sonra fəaliyyətə başlaması Kəlbəcərin iqtisadi həyatında yeni bir səhifə açdı. Eyni zamanda, məcburi köçkünlərin öz doğma yurdlarına mərhələli qaytarılması insanların mənəvi bərpasını təmin etdi və Kəlbəcəri təkcə fiziki deyil, həm də demoqrafik baxımdan yenidən gücləndirdi.
Bu gün Kəlbəcər təkcə azad edilmiş torpaq deyil, həm də Azərbaycanın gələcək inkişafının mühüm mərkəzlərindən biridir. Yeni yollar, tunellər, “Ağıllı kənd” və digər sosial-iqtisadi layihələr regionun strateji əhəmiyyətini artırır. Hər bir layihə Kəlbəcərin həm tarixi, həm də iqtisadi baxımdan önəmini gücləndirir. Bu proseslər göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət və ordumuzun qəhrəmanlığı ilə Kəlbəcər həm azad edilmiş, həm də sürətli bərpa və inkişaf yoluna qədəm qoymuşdur.
YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının
Sədr müavini: Anar Xəlilov

Bir şərh yazın