Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi Azərbaycanın tarixi yaddaşının möhkəmləndirilməsi baxımından mühüm addımdır. Bu sərəncama əsasən 25 noyabr tarixi Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir və həmin günün seçilməsi təsadüfi deyil. Məhz bu tarix Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından tam azad olunduğu gündür və bu il həmin tarixi hadisədən artıq 5 il keçir. Şəhər Gününün təsis edilməsi Kəlbəcərin azadlığı uğrunda gedən mübarizəni xatırlatmaqla yanaşı, bölgənin yenidən qurulması prosesinə də güclü mənəvi dəstək verir.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində müstəsna əhəmiyyətə malikdir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut və Şuşa da daxil olmaqla bir çox strateji əraziləri döyüş yolu ilə azad edərək düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Şuşa şəhərinin azad edilməsindən sonra düşmənin müqaviməti tam qırıldı və Ermənistan rəhbərliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza atdı. Bu sənədə əsasən Kəlbəcər 15 noyabrda Azərbaycana qaytarılmalı idi, lakin humanitar səbəblərə görə əlavə müddət verildi və 25 noyabrda rayon tam şəkildə nəzarətimizə keçdi.

Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev ermənilərin bölgədə törətdiyi dağıntıları xüsusi vurğulamışdı. 27 illik işğal dövründə Kəlbəcərin meşələri məhv edilmiş, infrastruktur dağıdılmış, təbii sərvətlər qeyri-qanuni şəkildə istismar olunmuşdu. Bu səbəbdən şəhərin azad edilməsi təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də XX əsrin sonundan bəri davam edən ekoloji, iqtisadi və sosial problemlərin aradan qaldırılmasına başlanğıc oldu. Bu gün Kəlbəcərin Şəhər Gününün qeyd olunması həm tarixi qələbənin simvolu, həm də bölgədə başlanan genişmiqyaslı bərpa və quruculuq işlərinin davamlılığının göstəricisidir.

Rəfail Məmmədov

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.