Kəlbəcər rayonu 1930-cu ildə inzibati rayon statusu almış və uzun illər bölgənin sosial-iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə və 145 kənd mövcud idi, əhalisi isə təxminən 53 min nəfər təşkil edirdi. Bu torpaqlar həm təbii sərvətləri, həm də kənd təsərrüfatı, heyvandarlıq və turizm imkanları ilə diqqət çəkirdi. Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Kəlbəcər dağıdılmış, minlərlə insan doğma yurdundan didərgin düşmüş, tarixi-mədəni abidələr və infrastruktur məhv edilmişdir. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb etsə də, bu qərar icra edilməmişdir.

2020-ci ilin Vətən müharibəsi bölgənin taleyini dəyişdirdi. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatları nəticəsində Kəlbəcərin strateji yüksəklikləri işğalçılardan azad edildi və Basarkeçər-Kəlbəcər yolunun istifadəsi mümkünsüz hala gətirildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu 25 noyabrda Azərbaycana təhvil verildi. İşğalçılar rayonu tərk edərkən dağıntı və vandalizm aktları törətmiş, ərazidə ekoloji və sosial fəsadlar yaratmışdır.
Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərdə genişmiqyaslı bərpa işləri aparılır. Şəhərin Baş planına uyğun olaraq, əhalinin sayı 17 min nəfərə çatdırılacaq, 488 min kvadratmetr yaşayış sahəsi yaradılacaqdır. Burada ortamərtəbəli çoxmənzilli binalar, fərdi evlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və ictimai-iaşə obyektləri tikilir. Bu layihələr Kəlbəcərin həm sosial, həm də iqtisadi həyatını canlandırmaqla, müasir standartlara uyğun inkişafını təmin edir.
Gülnar Qurbanova
YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın