Kəlbəcər bu gün Azərbaycanın azad edilmiş əraziləri arasında ən sürətli inkişaf edən bölgələrdən biridir. Rayonun bərpası və yenidən qurulması dövlətin prioritet siyasətinə çevrilib. Yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturların yaradılması, elektrik, su və qaz təchizatının təmin edilməsi Kəlbəcəri modern və yaşayış üçün əlverişli məkana çevirir. Bu quruculuq işləri həmçinin bölgənin iqtisadi potensialını artıraraq gələcək inkişaf üçün möhkəm təməl qoyur.

Kəlbəcərin strateji mövqeyi bölgənin həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətini daha da artırır. Dağlıq relyef, zəngin meşə və yaylaqlar, mineral bulaqlar və təbii sərvətlər regionu kənd təsərrüfatı, turizm və heyvandarlıq üçün cəlbedici edir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu resurslardan səmərəli istifadə olunaraq Kəlbəcərin iqtisadi həyatının gücləndirilməsi istiqamətində geniş layihələr həyata keçirilir.
Bölgədə nəqliyyat infrastrukturu da sürətlə inkişaf etdirilir. Laçın – Kəlbəcər və Kəlbəcər – İstisu magistralları, Murovdağ tuneli və digər yollar regionu nəqliyyat əlaqələri baxımından mərkəzə çevirir. Bu layihələr yalnız Kəlbəcərin deyil, həm də bütün Qarabağ bölgəsinin strateji əhəmiyyətini artırır. Eyni zamanda, bu infrastruktur layihələri turizm və ticarət imkanlarını genişləndirir, iqtisadi inkişafı sürətləndirir.
Kəlbəcərin gələcəyi həm sosial, həm iqtisadi, həm də mədəni inkişaf baxımından parlaq görünür. Məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı, yeni layihələr və dövlətin diqqəti bu torpaqları həm azad edilmiş, həm də inkişaf edən bölgəyə çevirir. Prezident İlham Əliyevin siyasəti və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Kəlbəcər yalnız tarixdəki qəhrəmanlıq səhifəsini yaşatmaqla qalmır, həm də gələcək nəsillər üçün nümunəvi inkişaf modelinə çevrilir.
Nazilə İbrahimova
YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın