Kəlbəcərin 25 noyabr tarixində Azərbaycana qaytarılması ölkəmizin müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi dəyərləndirilir. Bu torpaqların işğaldan əvvəlki həyat ritmi, təbiətin zənginliyi, insanların əməksevərliyi ilə seçilən Kəlbəcər uzun illər regionun iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur. Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi işğal nəticəsində bölgənin sosial strukturu dağıdılmış, yüzlərlə tarixi abidə məhv edilmiş, minlərlə insan doğma evindən didərgin salınmışdır. Bu itkilərə rəğmən xalqımız daim Kəlbəcərin azad ediləcəyi günü gözləmiş və bu arzu heç vaxt unudulmamışdır.

44 günlük Vətən müharibəsi bu tarixi gerçəkləşdirdi və Kəlbəcərin strateji önəmi hərbi əməliyyatların gedişində özünü açıq şəkildə göstərdi. Düşmənin bölgədən çəkilməsi, xüsusilə heç bir döyüş aparılmadan azad edilmə faktı Azərbaycan dövlətinin siyasi iradəsinin gücünü nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan diplomatik proseslərin nəticəsi olaraq imzalanan 10 noyabr Bəyanatı məhz bu uğurun hüquqi təsdiqi oldu. Ermənilərin ərazini tərk edərkən törətdikləri dağıntılar, yandırılan evlər və məhv edilmiş infrastruktur onların əsl niyyətini və vandalizm siyasətini bir daha sübut etdi.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri həmin xoşagəlməz mənzərəni tamamilə dəyişir. Şəhərin 2040-cı ilədək Baş planı müasir şəhərsalma nümunəsini formalaşdırmaqla yanaşı, bölgənin sosial-iqtisadi potensialını yenidən dirçəltməyi hədəfləyir. Artıq yeni yaşayış komplekslərinin inşası, sosial obyektlərin bərpası, yolların çəkilməsi və strateji enerji layihələrinin həyata keçirilməsi Kəlbəcərin regionun inkişaf mərkəzlərindən birinə çevriləcəyini göstərir. Dövlət tərəfindən aparılan sistemli işlər bu torpaqlara həyatın qayıtdığını və Böyük Qayıdışın reallığa çevrildiyini təsdiqləyir.
Gülsarə Abbasova
YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın