Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiqlənən “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində ən böyük layihələrdən biridir. Şəhərin ərazisinin və əhalisinin əvvəlki planla müqayisədə iki dəfədən çox artırılması Kəlbəcərin gələcəkdə regional inkişaf mərkəzi kimi formalaşacağını göstərir. Layihəyə əsasən, şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq, ətraf zonalarda isə genişmiqyaslı fərdi yaşayış evləri tikiləcək. 2040-cı ilədək 4250 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da Kəlbəcərin sosial-demoqrafik strukturunun tam bərpasına xidmət edir.
Baş Planda təhsil, səhiyyə, mədəniyyət və turizm infrastrukturu xüsusi yer tutur. Şəhərdə 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və müxtəlif ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılıb. Ərazinin 22 faizinin yaşıllıqlardan ibarət olması və adambaşına düşən yaşıllıq norması üzrə Kəlbəcərin ölkədə ən yüksək göstəriciyə – 33 kv.m-ə çatması şəhərin ekoloji baxımdan ideal modelə çevriləcəyini təsdiqləyir. 27 km-lik avtomobil yolu, 22 km-lik velosiped yolunun salınması isə müasir şəhər mühitinin formalaşdırılmasına imkan verir.
Enerji təminatı sahəsində aparılan işlər də Kəlbəcərin inkişafının əsas sütunlarından biridir. Meydan çayı, Tərtər çayı və Qaraarxac çayı üzərində ümumi gücü onlarla meqavata çatan kiçik su elektrik stansiyaları tam yenidən qurulub və yeniləri tikilib. Bu, şəhərin və ətraf ərazilərin alternativ enerji mənbələri ilə etibarlı təminatına şərait yaradır. Rayonun müxtəlif kəndlərində – İstisuda, Zallarda, Qamışlıda, Qılınclıda, Otaqlıda və Çıraqda aparılan tikinti işləri isə Böyük Qayıdış proqramının ardıcıl şəkildə həyata keçirildiyini sübut edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər təkcə bərpa edilmir, həm də gələcək nəsillər üçün müasir, dayanıqlı və inkişaf etmiş bir regiona çevrilir.
Səmayə Əliyeva
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın