İşğal illərində Kəlbəcər rayonunun iqtisadi və mədəni həyatı tamamilə məhv edilmişdi. Tarixi abidələr dağıdılmış, təbii sərvətlər talan olunmuş, kəndlər və şəhər infrastrukturu yararsız hala salınmışdı. Lakin torpaqların azad edilməsindən sonra Azərbaycan dövləti bölgəyə sistemli şəkildə həyat qaytardı. Minalardan təmizləmə işləri ilə yanaşı, ilkin infrastrukturun bərpası və yeni yol şəbəkələrinin yaradılması Kəlbəcərin gələcək inkişafını təmin edən əsas addımlar oldu. Bu addımlar bölgənin açıq səma altında qalmış tarixini yenidən diriltmək məqsədi daşıyır.
Prezident İlham Əliyevin Kəlbəcərə etdiyi hər səfər yeni bir layihənin təməlinin qoyulması və ya istifadəyə verilməsi ilə yadda qalmışdır. Bu, dövlət tərəfindən bölgəyə göstərilən xüsusi diqqətin və strateji yanaşmanın nəticəsidir. Su elektrik stansiyalarının inşası, kənd və qəsəbələrin bərpası, yaşayış massivlərinin tikintisi Kəlbəcərin əvvəlki gücünü bərpa etməklə yanaşı, onu daha da gücləndirir. Bir tərəfdən iqtisadi inkişaf sürətlənir, digər tərəfdən sosial rifah və əhali üçün yeni imkanlar yaranır.
Bu gün Kəlbəcərə qayıdan hər bir ailənin yeni həyat qurması dövlət siyasətinin mərkəzində dayanır. Böyük Qayıdış Proqramı çərçivəsində rayonun müxtəlif kəndlərinə köçürülən ailələr üçün yaradılan şərait onların təhlükəsiz və rahat yaşayışını təmin edir. Məktəblərin, xəstəxanaların, xidmət mərkəzlərinin tikintisi sosial həyatın tam bərpası üçün vacib amildir. Kəlbəcərdə həyata keçirilən layihələrin miqyası bu torpaqların yalnız fiziki deyil, həm də mənəvi dirçəlişini təmin edir.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın