Kəlbəcər rayonu 1930-cu ildə inzibati rayon statusu almış və uzun illər bölgənin sosial-iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur. İşğala qədər burada 1 şəhər, 1 qəsəbə və 145 kənd mövcud idi, əhalisi isə təqribən 53 min nəfər təşkil edirdi. Rayonun zəngin təbii sərvətləri kənd təsərrüfatı, heyvandarlıq və turizm imkanları üçün əlverişli şərait yaratmış, mədəni irs və tarixi abidələri ilə diqqət çəkmişdir.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi nəticəsində minlərlə dinc sakin didərgin düşmüş, 511 nəfər öldürülmüş və 321 nəfər əsir götürülmüşdür. İşğal zamanı tarixi-mədəni abidələr, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri dağıdılmış, rayonun milyardlarla manatlıq sərvəti Ermənistan tərəfinə daşınmışdır. Bu hadisələr həm insan hüquqları, həm də beynəlxalq hüquq prinsiplərinə görə ağır cinayətlər hesab olunur.
2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcəri işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, rayon 25 noyabrda Azərbaycana təhvil verildi. Rayonu tərk edən ermənilər vandalizm aktları törədərək evləri yandırmış, meşələrə od vurmuş, infrastruktur və ətraf mühitə ciddi ziyan vurmuşdur. Bu hadisələr həm ekoloji fəlakət, həm də hərbi cinayət aktı kimi qiymətləndirilir.
Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. 524 ailəlik yaşayış məhəlləsi, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən məskunlaşdırılması, məktəblər, uşaq bağçaları, ictimai-iaşə obyektləri və enerji infrastrukturunun bərpası bölgənin sosial və iqtisadi həyatını canlandırır. Kəlbəcər artıq gələcəyin inkişaf perspektivi ilə diqqət çəkən nümunəvi şəhərə çevrilir.
Qönçə İsmayılova
YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın