Kəlbəcərin azad olunması Azərbaycan dövlətçiliyi və xalqımız üçün tarixi hadisədir. 1993-cü ildən 2020-ci ilə qədər işğal altında qalan rayonun əhalisi doğma torpaqlarından didərgin düşmüş, sosial infrastrukturu dağıdılmış, tarixi-mədəniyyət abidələri talan edilmişdir. İşğalın 27 ili ərzində bölgədə ekoloji və sosial fəsadlar yaranmış, qeyri-qanuni məskunlaşma həyata keçirilmişdir. BMT və ATƏT prinsiplərinə zidd olan bu siyasət yalnız insan hüquqlarını deyil, həm də ərazi bütövlüyünü ciddi şəkildə pozmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsi Kəlbəcərin azad olunmasına imkan yaratdı. 25 noyabr 2020-ci ildə rayonu Azərbaycana təhvil verilməsi həm hərbi-siyasi müdrikliyin, həm də diplomatik uğurun nəticəsi oldu. İşğalçıların bölgəni tərk edərkən törətdikləri vandalizm aktları onların əsl niyyətini göstərmiş, eyni zamanda beynəlxalq hüquq pozuntularını ortaya qoymuşdur. Dövlət başçısının təşəbbüsü ilə 9455 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bölgədə aparılan yenidənqurma işləri Kəlbəcəri gələcəyin nümunəvi şəhərlərindən birinə çevirir. 524 ailəlik yaşayış məhəlləsinin inşası, Yanşaq, Zallar və Zar kəndlərinə yeni məskunlaşma layihələri, məktəblər, uşaq bağçaları, ictimai-iaşə obyektləri və sosial xidmətlərin yaradılması əhalinin rahat və müasir şəraitdə yaşamasını təmin edir. Toğanalı–Kəlbəcər–İstisu yolu və enerji infrastrukturunun bərpası bölgənin strateji və iqtisadi əhəmiyyətini daha da artırır.
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın