Kəlbəcər rayonu 1993-cü ildən işğal altında olmuş, əhalisi didərgin düşmüş və sosial infrastrukturu dağıdılmışdır. Tarixi-mədəni abidələr, məktəblər, uşaq bağçaları, xəstəxanalar və minlərlə fərdi ev talan edilmişdir. Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti bölgənin demoqrafik və ekoloji tarazlığını pozmuşdur. BMT və ATƏT prinsiplərinə zidd olan bu hadisələr, həmçinin beynəlxalq hüquq baxımından da ağır pozuntular hesab edilir.

2020-ci ilin Vətən müharibəsi Kəlbəcərin azad olunmasına səbəb oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu strateji yüksəklikləri ələ keçirərək Basarkeçər-Kəlbəcər yolunu nəzarət altına aldı. 10 noyabr 2020-ci il üçtərəfli bəyanata əsasən, rayon 25 noyabrda Azərbaycana təhvil verildi. İşğalçılar tərk edərkən infrastrukturun qəsdən dağıdılması və ekoloji ziyan yaratması onların vandalizm niyyətini ortaya qoydu.
Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərdə müasir şəhərsalma işləri aparılır. 524 ailəlik yeni yaşayış məhəlləsi, Yanşaq, Zallar və Zar kəndlərinin məskunlaşması, məktəblər, bağçalar, sosial və ictimai obyektlər inşa olunur. Bu layihələr həm şəhərin estetik və sosial görünüşünü bərpa edir, həm də sakinlərin təhlükəsiz və rahat şəraitdə yaşamasını təmin edir.
Rayonda yolların, xüsusilə Toğanalı–Kəlbəcər–İstisu yolunun tikintisi bölgəni ölkənin digər hissələri ilə birləşdirir. Murovdağ tuneli və su elektrik stansiyaları enerji təhlükəsizliyini təmin edir, turizm və iqtisadi potensialı artırır. Kəlbəcər artıq yalnız tarixi və strateji əhəmiyyəti ilə deyil, həm də dayanıqlı inkişaf və müasir şəhərsalma baxımından Azərbaycanın nümunəvi rayonlarından birinə çevrilmişdir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri

Bir şərh yazın