Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonlarından biridir və relyef müxtəlifliyi ilə ölkənin coğrafi xəritəsində xüsusi yer tutur. Rayonun ən uca zirvələri Camışdağdakı 3724 metrlik nöqtə və 3616 metr hündürlüyə malik Dəlidağdır. Ərazinin böyük hissəsini sıx meşəliklər, dağ çəmənlikləri və mineral bulaqlar təşkil edir. Kəlbəcərin sərhədləri həm ölkədaxili, həm də beynəlxalq əhəmiyyətə malikdir: qərbdən Ermənistanla, şimaldan Daşkəsən, Göygöl və Goranboyla, şimal-şərqdən Tərtərlə, şərqdən Ağdam və Xocalı ilə, cənubdan isə Laçınla həmsərhəddir. İnzibati rayon statusu 1930-cu ildə verilən Kəlbəcərdə işğala qədər 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Əhalinin sayı 53 478 nəfərə çatırdı və onlar geniş, zəngin təbii ehtiyatlara malik bir məkanda yaşayırdılar.

1993-cü il 2 apreldə Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi rayon tarixinin ən ağır faciələrindən biri oldu. İşğal dövründə 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir götürüldü və itkin düşdü. Minlərlə ev, məktəb, tibb və mədəniyyət müəssisəsi dağıdıldı. Ümumilikdə 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, yüzlərlə inzibati bina və minlərlə mənzil məhv edildi. Rayonun milyardlarla manatlıq sərvəti talan edilərək Ermənistana daşındı. Əhalinin böyük qismi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur edildi. Bu məcburi köçkünlük Kəlbəcərin sosial, iqtisadi və demoqrafik strukturunu alt-üst etdi.
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində Ermənistan ordusunun Kəlbəcəri dərhal tərk etməsi tələb olunsa da, rəsmi İrəvan bu hüquqi tələblərə məhəl qoymadı və beynəlxalq təşkilatlar qətnamənin icrasında passiv mövqe nümayiş etdirdi. Üstəlik, 1999-cu ildən başlayaraq Kəlbəcər ərazisində qanunsuz məskunlaşdırma aparıldı. Lakin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu tarixi ədaləti bərpa etdi. Kəlbəcər 25 noyabr 2020-ci ildə Azərbaycanın suveren nəzarətinə qaytarıldı və bununla da üç onillik davam edən işğal tarixi rəsmi şəkildə sona çatdı.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini

Bir şərh yazın