XX əsrin sonlarında Azərbaycan üçün yeni siyasi reallıq formalaşırdı: müstəqil dövlətin qurulması fonunda daxili qarşıdurmalar, iqtisadi çöküş və təhlükədə olan ərazi bütövlüyü ölkəni xaosun astanasına gətirib çıxarmışdı. Belə bir dönəmdə müxtəlif bölgələrdən ziyalıların Heydər Əliyevə müraciəti xalqın çıxış yolu axtarışının təbii nəticəsi idi.Ümummilli Lider Heydər Əliyevin bu çağırışa cavab verməsi 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis olunmasını təmin etdi və bu addım siyasi sistemin yenidən qurulmasında tarixi dönüş nöqtəsi oldu.
Yeni Azərbaycan Partiyasının yaradılması tək bir siyasi təşəbbüs deyil, milli dövlətçilik üçün konseptual yanaşmanın ortaya çıxması idi. Partiyanın əsas ideologiyası – Azərbaycançılıq, müstəqilliyin qorunması, dövlətçiliyin güclənməsi və sosial ədalət – ölkənin gələcək inkişafının ideya çərçivəsini müəyyənləşdirdi. Bu prinsiplər həm siyasi cəhətdən sabitliyin təmin edilməsinə, həm də dövlət və xalq münasibətlərinin institusional əsasda formalaşmasına zəmin yaratdı.
1990-cı illərin ikinci yarısından etibarən Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycan iqtisadi və siyasi dirçəliş mərhələsinə qədəm qoydu. Enerji strategiyasının icrası, beynəlxalq əməkdaşlığın genişlənməsi və ordunun gücləndirilməsi yalnız müstəqilliyin möhkəmlənməsinə deyil, həm də yeni inkişaf modelinin formalaşmasına səbəb oldu. Bu mərhələdə YAP həm dövlət idarəçiliyinin əsas dayağı, həm də yeni kadrların yetişdiyi böyük bir siyasi məktəb rolunu oynadı.
Sonrakı illərdə partiya təşkilati cəhətdən daha da gücləndi və 2021-ci ildə keçirilmiş VII Qurultay onun fəaliyyət prinsiplərini müasir çağırışlara uyğunlaşdırdı. Yeni Nizamnamənin qəbulu partiyanın siyasi gündəmində transformasiyanın mühüm epizodu kimi qiymətləndirildi. Bu gün YAP təkcə siyasi təşkilat yox, Azərbaycan dövlətçiliyinin ideoloji dayağı, sabitliyin və inkişafın təminatçısı kimi çıxış edir.
Nazilə İbrahimova
YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın