Siyasi partiyalar dövlətlərin inkişaf xəttini müəyyən edən əsas institutlardan biridir. Onlar cəmiyyətlə dövlət arasında körpü rolunu oynayır, ictimai rəyi formalaşdırır, siyasi iştirakçılığı genişləndirir və idarəetmədə sabitliyin qorunmasına xidmət edirlər. Azərbaycanda da müasir siyasi sistemin formalaşmasında aparıcı rol oynayan partiyaların sırasında Yeni Azərbaycan Partiyası xüsusi yer tutur. Bu təşkilat ən mürəkkəb dövrdə xalqın ümumi iradəsini təmsil edən qüvvə kimi meydana çıxmışdı.
1990-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, xaos və hakimiyyət uğrunda gedən amansız mübarizə müstəqilliyi təhlükə altına salmışdı. Məhz belə həssas bir zamanda 91 nəfər tanınmış ziyalının Ulu Öndər Heydər Əliyevə müraciət etməsi milli taleyin dönüş nöqtəsi oldu. Bu müraciət yeni siyasi qüvvənin – Yeni Azərbaycan Partiyasının yaranmasına təkan verdi və qısa müddətdə partiya ölkənin siyasi həyatında həlledici mövqe tutdu.Əldə edilən uğurlar yalnız bir siyasi qüvvənin deyil, bütövlükdə xalqın iradəsinin nəticəsi idi. Ölkədə həyata keçirilən iqtisadi islahatlar, neft strategiyasının uğurla reallaşdırılması, ordunun gücləndirilməsi Azərbaycanın regionun lider dövlətinə çevrilməsini təmin etdi. Bu proseslərdə YAP-ın siyasi xətti mühüm rol oynayırdı.
Bu gün Yeni Azərbaycan Partiyası geniş ictimai dəstəyə malik güclü siyasi təşkilat kimi həm ölkədaxili proseslərin inkişafının, həm də beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinin başlıca iştirakçılarındandır. Partiyanın təməl prinsipləri – dövlətçilik, vətənpərvərlik və milli maraqlara sədaqət – onun davamlı uğurunun əsasını təşkil edir.
Elxan Ələkbərov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın