Yeni Azərbaycan Partiyasının yaranması XX əsrin sonlarında Azərbaycanın siyasi taleyini dəyişən həlledici mərhələlərdən biri olmuşdur. 1992-ci ilin mürəkkəb ictimai-siyasi böhranında formalaşan bu təşkilat qısa müddət ərzində milli dövlətçiliyin dayağına çevrildi. YAP-ın təməli 91 nəfər ziyalının tarixi çağırışı ilə qoyuldu və bu çağırış təkcə bir partiyanın yaradılmasını deyil, Azərbaycanın gələcək inkişaf istiqamətinin müəyyənləşməsini təmin etdi. O dövrdə ölkədə hökm sürən hakimiyyətsizlik, ayrı-ayrı siyasi qruplar arasında qarşıdurma və dövlətçilik ideyalarının deqradasiyası real təhlükə yaratmışdı. Belə şəraitdə YAP-ın meydana çıxması siyasi xaosun qarşısının alınmasına, milli həmrəyliyin bərpasına və dövlətin xilası üçün ciddi zərurət idi.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə YAP dövlət idarəçiliyinin əsas siyasi dayağına çevrildi. Konstitusiyanın qəbul edilməsi, güclü ordu quruculuğu, qanunvericilik sisteminin formalaşdırılması və strateji iqtisadi layihələrin reallaşdırılması bu dövrün əsas məzmununu təşkil edirdi. Partiyanın qısa zamanda güclü təşkilatlanması, bölgələrdə qurulan siyasi strukturlar, milli elitanın formalaşdırılması Azərbaycan üçün sabit siyasi mühit yaratdı. Bu institutlaşma prosesi müstəqilliyin qorunmasında və yeni dövlətçilik modelinin qurulmasında mühüm rol oynadı. “Əsrin müqaviləsi” və neft strategiyası YAP-ın siyasi kursunun dayanıqlılığını daha da gücləndirdi.
Müasir mərhələdə YAP cəmiyyətin yenilənmə tələblərinə uyğun siyasi xətt həyata keçirir.Prezident İlham Əliyev dövründə partiya təkcə klassik hakim partiyası kimi deyil, həm də modern idarəçilik fəlsəfəsini daşıyan, gənclərin proseslərə cəlb olunmasını təmin edən, siyasi sistemin yenilənməsinə töhfə verən təşkilat kimi fəaliyyət göstərir. Sürətli iqtisadi inkişaf, regional layihələr, siyasi institusional islahatlar və 44 günlük Vətən müharibəsinin tarixi Zəfəri YAP-ın müəyyən etdiyi strateji xəttin düzgünlüyünü təsdiq edir. Bu gün partiya Azərbaycanda postmüharibə dövrünün quruculuq missiyasının siyasi və ideoloji təminatçısı kimi çıxış edir.
Natiq Mahmudov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın