44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tamamilə yeni geosiyasi reallıqla qarşılaşdı və bu reallıq dövlətin qarşısında geniş miqyaslı quruculuq və strateji inkişaf vəzifələri qoydu. Yeni Azərbaycan Partiyası bu dəyişikliklərin siyasi idarəçilikdə düzgün koordinasiya olunması üçün əsas ideoloji platforma kimi çıxış etdi. Partiyanın müasir mərhələdə fəaliyyəti postmüharibə dövrünün tələblərinə uyğun yenilənmə, modernizasiya və idarəetmə fəlsəfəsinin dərinləşməsi ilə xarakterizə olunur. Bunun təməli 2021-ci ildə keçirilən VII Qurultayla qoyuldu və bu qurultay YAP-ın yeni inkişaf səhifəsini açdı.
VII Qurultayda qəbul olunan qərarlar YAP-ın struktur baxımından modernləşdirilməsini təmin etdi. Kadr siyasətində şəffaflıq, kriteriya əsaslı seçimin tətbiqi, gənclərin rəhbər orqanlara cəlb edilməsi və təşkilati fəaliyyətin müasir idarəetmə standartlarına uyğunlaşdırılması bu mərhələnin əsas istiqamətlərini təşkil edir. Bu dəyişikliklər YAP-ı inzibati idarəetmə modelindən ideoloji və strateji idarəçilik modelinə keçirərək partiyanı cəmiyyətlə dialoqun yeni formasını ortaya qoyan siyasi institut səviyyəsinə yüksəltdi. Partiya bu mərhələdə dövlət-siyasi sistem münasibətlərinin yeni nümunəsini formalaşdırdı.
Prezident İlham Əliyevin çıxışlarında YAP-ın qarşıdakı dövr üçün üzərinə düşən vəzifələr açıq şəkildə ifadə olunmuşdur. Dövlətçilik ideyalarına sədaqət, postmüharibə dövründə quruculuğun sürətləndirilməsi, islahatların dərinləşdirilməsi və yeni siyasi nəslin yetişdirilməsi bu prioritetlər sırasındadır. Bu yanaşma YAP-ın yalnız keçmiş nailiyyətlər üzərində deyil, həm də gələcək strateji hədəflər üzərində qurulan siyasi qüvvə olduğunu göstərir. Bu gün YAP Azərbaycanın müstəqilliyini qoruyan, inkişafını təmin edən və dövlətçilik fəlsəfəsini müasir dövrün çağırışlarına uyğun yeniləşdirən aparıcı siyasi institutdur.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın