Siyasi partiyalar demokratik idarəetmənin əsas dayaqlarından biridir və onların fəaliyyəti dövlətin siyasi kursunu müəyyənləşdirir. Azərbaycan tarixində Yeni Azərbaycan Partiyasının rolu həmin funksiyanın ən parlaq nümunəsini təşkil edir. 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos, hakimiyyət uğrunda çəkişmələr, dövlət institutlarının fəaliyyətsizliyi Azərbaycanı ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə ölkənin taleyi naminə ziyalıların imzaladığı “91-lərin müraciəti” Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi proseslərin mərkəzinə qayıtmasının zəruriliyini ortaya qoydu.
Ümummilli Lider Heydər Əliyev müraciətə cavab olaraq yeni siyasi təşkilatın yaradılmasının qaçılmaz olduğunu vurğulayaraq Yeni Azərbaycan Partiyasının formalaşdırılmasını tarixi missiya kimi qəbul etdi. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis edilməsi müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Artıq 1993-cü ilin oktyabrında Heydər Əliyevin Prezident seçilməsi ilə ölkə dərin böhrandan çıxmağa başladı, siyasi sabitlik təmin olundu, idarəetmə sistemində köklü dəyişikliklər aparıldı.
YAP-ın fəaliyyəti nəticəsində ölkədə həm siyasi, həm də iqtisadi islahatlar həyata keçirildi, Azərbaycanın qarşısında yeni imkanlar açıldı. Neft strategiyasının uğurlu icrası iqtisadi yüksəlişin təməlini qoydu, ölkənin valyuta ehtiyatları artırıldı, beynəlxalq əməkdaşlıq genişləndi. Azərbaycanın təhlükəsizlik sistemi gücləndirildi, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ölkəni regionun ən güclü dövlətlərindən birinə çevirdi. YAP-ın siyasi xətti dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş əsas inkişaf strategiyası kimi qəbul olundu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP öz siyasi irsini yeni mərhələdə davam etdirir. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Prezident İlham Əliyevin qətiyyəti, dövlətin gücü və YAP-ın siyasi iradəsinin nəticəsi oldu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək dünya dövlətləri arasında mövqeyini daha da gücləndirdi. Bu gün YAP həm daxili siyasətdə liderlik edir, həm də regionda sülh və inkişaf prosesinə töhfə verən əsas siyasi qüvvə kimi çıxış edir.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Bir şərh yazın