Yeni Azərbaycan Partiyasının yaranması Ümummilli Lider Heydər Əliyevin siyasi dühasının və xalqın birgə iradəsinin məhsulu olaraq Azərbaycan dövlətçiliyinin taleyində dönüş nöqtəsi oldu. 1992-ci ildə ölkədə hökm sürən dərin siyasi böhran, hakimiyyətsizlik, milli təhlükəsizlik problemləri xalqın narahatlığını artırırdı. Bu dövrdə ziyalıların Heydər Əliyevə müraciəti ölkənin xilası naminə atılan ən mühüm addım kimi tarixə düşdü. 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransı ilə YAP rəsmi şəkildə formalaşaraq siyasi sistemdə öz yerini aldı.
Partiyanın yaranması sadəcə yeni siyasi təşkilatın formalaşması deyil, həm də dövlətçiliyimizin dirçəlişi üçün başlanğıc oldu. YAP-ın qarşısına qoyduğu əsas məqsədlər dövlətin möhkəmləndirilməsi, cəmiyyətin birləşdirilməsi və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsindən ibarət idi. Partiyanın hakimiyyətə gəlişi ilə Azərbaycan inkişaf yoluna qədəm qoydu, dövlət institutları bərpa edildi, sabitlik təmin olundu. YAP bu illər ərzində milli maraqları hər şeydən üstün tutaraq xalqın etimadını qazanmağa nail oldu.
Müstəqil Azərbaycanın bütün inkişaf mərhələlərində YAP aparıcı rol oynayıb. Partiyada cəmiyyətin müxtəlif təbəqələrindən olan yüksək vətənpərvər, intellektual şəxslərin birləşməsi onun xalqın partiyası kimi formalaşmasına səbəb olub. YAP azərbaycançılıq ideologiyasını təbliğ edərək milli birliyi təmin edən güclü siyasi platforma yaratdı. Son 33 il ərzində partiyanın fəaliyyəti həm daxili siyasi sabitliyin, həm də iqtisadi yüksəlişin mühüm təminatçısı kimi çıxış edib.
Bu gün YAP-ın yeni inkişaf mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə yeniləyən Prezident İlham Əliyev partiyanı XXI əsrin ən güclü siyasi təşkilatlarından birinə çevirib. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, regionda söz sahibi olması və beynəlxalq arenada artan nüfuzu YAP-ın doğru strategiyasının nəticəsidir. Bu strategiyanın mahiyyətini Prezidentin sözləri dəqiq ifadə edir: “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkədə gedən proseslərin mərkəzində olacaq.”
Anar Cəbizadə
YAP Şuşa rayon təşəkilatının 37 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın