Yeni Azərbaycan Partiyasının yaranması Ümummilli Lider Heydər Əliyevin böyük siyasi məsuliyyət hissi və xalqın ona olan dərin etimadı ilə bağlıdır. 1992-ci ildə Azərbaycanda mövcud olan ağır böhran şəraiti dövlətçiliyi təhlükə altında qoymuşdu. Vəziyyətin gərginləşdiyi bir zamanda 91 nəfər ziyalının Heydər Əliyevə müraciəti ölkənin siyasi tarixində dönüş nöqtəsi oldu. 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransı YAP-ın rəsmi şəkildə siyasi arenaya çıxışını təmin etdi.
YAP-in yaranma səbəbi dövlətin və xalqın xilası üçün real zərurət idi. Partiyanın Proqram və Nizamnaməsində müəyyən olunan prioritetlər ölkəni ağır siyasi böhrandan çıxarmağı, sabitliyi bərpa etməyi, müstəqilliyi möhkəmləndirməyi və iqtisadi inkişafı təmin etməyi hədəfləyirdi. Partiyanın qısa müddətdə hakimiyyətə gəlməsi isə YAP-ın nə qədər böyük ictimai dəstəyə malik olduğunu göstərdi. Bu dövrdən etibarən Azərbaycanda yeni siyasi idarəetmə mərhələsi başladı.
33 illik fəaliyyətini uğurla davam etdirən YAP bu gün Azərbaycan siyasi sisteminin ana xəttini təşkil edir. Partiya dövlətçilik və azərbaycançılıq dəyərlərinə söykənərək bütün dövrlərdə cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edib. Onun sıralarında yüksək intellektual səviyyəyə malik şəxslərin toplaşması YAP-ın nüfuzunu daha da artıraraq onu ümumxalq partiyasına çevirib. Cəmiyyətdəki həmrəylik, sabitlik və inkişaf siyasətinin əsas istiqamətləri məhz partiyanın fəaliyyətində öz əksini tapıb.
Hazırda YAP-ın uğurlu fəaliyyətinin davamı Prezident İlham Əliyevin rəhbərliyi ilə təmin olunur. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq olan Prezident İlham Əliyev ölkəni yeni inkişaf mərhələsinə çıxarıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası, suverenliyin tam təmin olunması, beynəlxalq arenada artan rolumuz YAP-ın güclü siyasi iradəsinin nəticəsidir. Bu iradəni əks etdirən fikirlər isə Prezidentin bu sözlərində ifadə olunur: “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın