İşğaldan azad edilən Ağdam yalnız fiziki olaraq deyil, həm də mədəni baxımdan yenidən canlandırılır. Şəhər və ətraf kəndlərdə tarixi və mədəni abidələrin bərpası sürətlə aparılır. Ağdam Cümə məscidi, Xurşidbanu Natəvanın abidəsi, Pənahəli xanın sarayı, İmarət Kompleksi və digər tarixi obyektlər təmir edilir, ziyarətçilər üçün istifadəyə verilir.
Ağdamın mədəni bərpası yalnız tarixi dəyərlərin qorunması ilə kifayətlənmir. Muğam Mərkəzi, Zəfər Muzeyi və İşğal Muzeyi kimi mədəni obyektlər şəhərin yeni həyatının mərkəzi halına gəlir. Bu layihələr həm də Azərbaycan xalqının zəfər ruhunu yaşadır və gənc nəsillərə milli irsi öyrətmək üçün şərait yaradır.
Şəhərin sosial infrastrukturu da bərpa edilir. Məktəblər, körpələr evi-uşaq bağçaları, klub və icma mərkəzləri sakinlərin rahat yaşayışını təmin edir. Eyni zamanda şəhərin yaşıllıq zonaları, parklar və meşə-park əraziləri insanların istirahət və sosial həyatı üçün müasir imkanlar yaradır.
Prezident İlham Əliyevin Ağdama səfərləri zamanı bərpa və tikinti layihələrinin gedişi yoxlanılır, infrastrukturun sürətli inkişafı təmin olunur. Bu proseslər Ağdamın həm fiziki, həm də mədəni baxımdan Azərbaycanın inkişaf etmiş şəhərlərindən birinə çevrilməsini təmin edir.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın