Ağdam, Azərbaycanın azad edilmiş ərazilərində bərpa və inkişafın simvoludur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamına əsasən təsis edilmiş şəhər günləri hər il böyük təntənə ilə qeyd olunur və bu, Ağdamın tarixi və mədəni əhəmiyyətini ön plana çıxarır.
1993-cü ildə baş verən döyüşlərdə şəhər Ermənistan tərəfindən işğal edilmiş, yerli əhali doğma torpaqlarından didərgin düşmüşdü. İşğalçı qüvvələr şəhəri viran qoymuş, tarixi abidələr və yaşayış məntəqələrini dağıtmışdı. Bu hadisələr Azərbaycanın milli yaddaşına dərin iz buraxmışdı.
Hazırda Ağdamda irimiqyaslı bərpa və quruculuq işləri aparılır. Baş Plan əsasında şəhərin 5 məhəlləsi layihələndirilmiş və 2-ci məhəllədə 66 binanın tikintisi artıq davam edir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində isə bərpa işləri sürətlə aparılır. 2026-cı ilə qədər 42 min insanın şəhər və kəndlərə köçü planlaşdırılır.
Prezident İlham Əliyevin Ağdama etdiyi səfərlər şəhərin yenidən qurulmasına xüsusi təkan verir. Rəqəmsal İdarəetmə Mərkəzi, Təlim-Tədris Kompleksi, Muğam Mərkəzi və inzibati binaların təməlləri qoyulub. Bu layihələr Ağdamın “ruhlar şəhəri” imicini dəyişdirərək onu Azərbaycanın inkişaf etmiş şəhərlərindən birinə çevirəcək.
Qönçə İsmayılova
YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın