Ağdamın azad olunması 30 illik əsarətin və dağıntıların sonunu qoydu. Şəhər erməni vandalizminin izlərini daşısa da, hazırda burada yeni, müasir həyat qurulur. Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlərdə geniş tikinti-quruculuq işləri aparılır, yollar çəkilir, istehsal müəssisələri yaradılır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Bu yenidənqurma prosesləri Ağdamı yalnız fiziki olaraq bərpa etmir, həm də xalqın qürur və dirçəliş simvoluna çevirir.
Ağdam şəhərinin Baş Planı Azərbaycanın işğaldan azad edilmiş rayonları arasında ən birincilərdən biri kimi təsdiqlənmişdir. Bu plan şəhərin 2040-cı ilədək strateji inkişafını müəyyənləşdirir və burada 100 min nəfərin yaşaması nəzərdə tutulur. Beş məhəllə konsepsiyası üzrə aparılan işlər yeni yaşayış binaları, məktəblər, parklar və infrastruktur layihələrinin icrasını əhatə edir. Hazırda ikinci məhəllədə tikinti işləri davam edir, digər məhəllələrdə isə paralel olaraq işlər planlaşdırılır.
Şəhərin yanında üç kənd – Kəngərli, Xıdırlı və Sarıcalı – də bərpa-quruculuq işlərinin mərkəzinə çevrilib. Burada yeni yaşayış binaları, məktəblər və sosial obyektlər tikilir, ərazilər yaşıllaşdırılır və həyatın tam bərpası təmin olunur. 2025-ci ilin oktyabr ayına qədər 825 ailə – 3318 nəfər – doğma torpaqlarına qayıdıb və bu proses davamlı şəkildə həyata keçirilir.
İşğaldan azad edilmiş digər bölgələrdə olduğu kimi, Ağdamda da şəhər və kəndlər müasir standartlara uyğun inşa edilir. Yeni istehsal müəssisələri və infrastrukturlar regionun iqtisadi canlanmasını təmin edir. Bu layihələr təkcə fiziki bərpa deyil, həm də Ağdamın Azərbaycanın inkişaf etmiş, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilməsini simvolizə edir. Hazırki tikinti-quruculuq işləri və Baş Planın icrası Ağdamın gələcəyini ümidverici və parlaq edir.
Anar Əlizadə
YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın