Ağdam rayonu 1930-cu ildə yaradılmış, Qarabağın qədim və füsunkar təbiətli torpaqları arasında yerləşən Azərbaycan şəhəridir. Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşən Ağdam tarixi və mədəni irsi ilə seçilir. İşğal dövründə 30 il boyunca düşmənlərin əsarətində qalan şəhər bu müddət ərzində xarabalığa çevrilmiş, lakin onun qədim Azərbaycan diyarı olduğu heç vaxt unudulmamışdır.
Arxeoloji tədqiqatlar göstərir ki, Ağdamın ərazisi qədim insanların məskənlərindən biridir. XX əsrin 50-ci illərindən etibarən aparılan qazıntılar qədim yaşayış yerləri və mədəni izləri ortaya çıxarmışdır. Bu faktlar göstərir ki, Ağdam yalnız tarixi əhəmiyyətə malik deyil, həm də Azərbaycan sivilizasiyasının beşiyi olaraq qiymətləndirilir. İşğaldan azad olunması ilə şəhər və rayon yenidən öz qədim sakinlərinə qovuşmuşdur.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra 20 noyabr 2020-ci ildə Ağdam döyüşsüz azad edildi. Prezident İlham Əliyevin dediyi sözlər – “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” – artıq 5 il ərzində tam olaraq özünü doğrultmuşdur. Bu ifadələr Ağdamın yenidənqurma və inkişaf yolunda atılan addımların əsas prinsipini müəyyən edir.
Azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri sürətlə davam edir. Ağdam şəhərinin Baş Planı 2040-cı ilədək təsdiq edilmişdir və bu şəhərin Azərbaycanın dördüncü böyük şəhəri, 100 min nəfərlik əhalisi olan müasir bir mərkəz olacağını göstərir. Hazırda şəhərin ikinci məhəlləsində 66 bina tikilir, digər məhəllələrdə və kəndlərdə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa işləri aparılır. Bu proseslər Ağdamın gələcəkdə inkişaf etmiş, müasir şəhər kimi formalaşacağını göstərir.
Xəyalə Novruzova
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın