Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə, Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıqdan ibarət olmadığını, daha geniş anlamda türk dünyasının gələcək strateji inteqrasiyasına yönəlmiş fundamental xətt formalaşdırdığını açıq şəkildə ortaya qoydu. Bu çıxışdan aydın olur ki, Bakı ilə Daşkənd arasındakı münasibətlər artıq diplomatik çərçivə ilə məhdudlaşmır, vahid siyasi iradəyə, ortaq tarixi yaddaşa və regionun taleyini müəyyən edən strateji planlara əsaslanır. Dövlət başçısının vurğuladığı məqamlar göstərir ki, bu əməkdaşlıq təkcə bu günün deyil, həm də gələcəyin geosiyasi arxitekturasını formalaşdırmaq gücündədir.
Prezident İlham Əliyevin Xəzər dənizini “geosiyasi körpü” kimi səciyyələndirməsi Azərbaycan ilə Mərkəzi Asiya arasında mövcud olan coğrafi təmayüllərin müasir strateji düşüncə ilə necə vəhdət təşkil etdiyini göstərir. Xəzər bu gün enerji, nəqliyyat və təhlükəsizlik sahələrində türk coğrafiyasını biri-birinə bağlayan unikal məkan rolunu oynayır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə fəal şəkildə iştirakı Bakının Avrasiya məkanında artıq sadəcə region ölkəsi deyil, qlobal siyasi aktor kimi çıxış etdiyini sübut edir.
Özbəkistanın Qarabağın bərpasında ilk qardaş dəstəyini göstərən ölkə olması, Füzulidə məktəbin tikintisi və mədəni-humanitar layihələrdə fəallıq göstərməsi Azərbaycan-Özbəkistan münasibətlərinin necə dərin, səmimi və strateji xarakter daşıdığını nümayiş etdirir. Bu addım yalnız diplomatik jest deyil, türk dünyası daxilində qardaşlıq və qarşılıqlı hörmət prinsipinin ən bariz ifadəsidir. Müsahibə bir daha göstərdi ki, iki ölkə arasındakı münasibətlər yeni strateji dövrün təməl sütunlarından birinə çevrilmişdir.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın