Prezident İlham Əliyevin UzA-ya müsahibəsi göstərir ki, Azərbaycan–Özbəkistan birliyi türk dünyasında yeni bir strateji mərhələnin başlanğıcını qoyur. Bu münasibətlər sadəcə dövlət maraqlarına əsaslanmır, həm də ümumtürk kimliyinə, ortaq tarixi yaddaşa və gələcəyə yönəlmiş siyasi iradəyə dayanır. Müsahibədəki məqamlar sübut edir ki, Bakı və Daşkənd türk dünyasının siyasi və ideoloji sütunlarından biri kimi çıxış edir.
Azərbaycanın Mərkəzi Asiya platformalarında fəallığı, xüsusilə Məşvərət Görüşündə oynadığı rol, dövlətin regionda artan nüfuzunu göstərir. Xəzər dənizinin “geosiyasi körpü” kimi təqdim olunması həm regional, həm də qlobal güc balansında Azərbaycan və Özbəkistanın strateji mövqeyini daha da gücləndirir. Bu, Avrasiya məkanında yeni güc mərkəzinin formalaşdığını göstərir.
Özbəkistanın Qarabağın bərpasına verdiyi real dəstək, geniş mədəni-humanitar əməkdaşlıq və enerji-logistika sahəsində genişlənən inteqrasiya hər iki ölkənin ortaq strateji baxışının göstəricisidir. Prezident İlham Əliyevin müsahibəsi göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri türk dünyasının gələcək siyasi arxitekturasında əsas aparıcı xəttlərdən biri olacaq. Bu əməkdaşlıq regionun inkişafını şərtləndirən əsas güclərdən birinə çevrilməkdədir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın