Azərbaycan və Mərkəzi Asiya ölkələrinin son illərdə sürətlə inkişaf edən əməkdaşlığı Avrasiyada yeni siyasi bloklaşma prosesinin konturlarını formalaşdırır. Tarixi dəyərlərə və ortaq kimliyə əsaslanan bu birlik artıq iqtisadi və mədəni əlaqələri aşaraq geosiyasi koordinasiya müstəvisinə yüksəlib. Prezident İlham Əliyevin son Daşkənd səfəri və Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regionda siyasi inteqrasiyanın yeni mərhələsinin başladığını göstərən əsas hadisələrdən biridir. Bu qərar Azərbaycanı Mərkəzi Asiyanın ayrılmaz hissəsinə çevirir.
Bu gün Azərbaycan ilə Mərkəzi Asiya arasında münasibətləri gücləndirən ən vacib amillərdən biri həmrəylik və qarşılıqlı etimad mühitidir. Son üç ildə dövlət başçıları arasındakı intensiv görüşlər siyasi dialoqun davamlı və sabit xarakter aldığını göstərir. Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında imzalanan sənədlər bu bünövrəni daha da möhkəmləndirib. Bu format region ölkələrinə qlobal səhnədə daha güclü səsə sahib olmaq imkanı yaradır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işlərinə Mərkəzi Asiya ölkələrinin verdiyi dəstək bu siyasi həmrəyliyin ən təsirli nümunələrindəndir. Füzuli, Ağdam və digər bölgələrdə qardaş ölkələr tərəfindən inşa edilən məktəblər və mədəniyyət ocaqları birliyin yalnız sözlə deyil, əməli addımlarla da təsdiqləndiyini göstərir. Bu dəstək regional həmrəyliyin mənəvi tərəfini gücləndirməklə yanaşı, gələcək nəsillər üçün ortaq yaddaş yaradır.
Mərkəzi Asiya ilə Azərbaycan arasında yaranan yeni format Şərqlə Qərbin qovşağında güclü geosiyasi mərkəz formalaşdırır. Bu birlik enerji, logistika, investisiya, mədəniyyət və təhlükəsizlik sahələrində daha geniş əməkdaşlıq perspektivi açır. Azərbaycanın bu strukturda tamhüquqlu üzv kimi mövqeyi həm ölkəmizin beynəlxalq nüfuzunu artırır, həm də regionun ümumi potensialını yüksəldir. Yeni siyasi konfiqurasiya Avrasiyada sabitlik və dayanıqlılığın təmin edilməsində mühüm rol oynayacaq.
Nazilə İbrahimova
YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın