Daşkənddə keçirilən görüşdə Prezident İlham Əliyevin çıxışı yeni regional əməkdaşlıq mərhələsinin ideoloji və praktiki əsaslarını təqdim edən mühüm siyasi hadisə oldu. Prezident region ölkələri ilə əməkdaşlığın dərin tarixi köklərə və müasir geostrateji zərurətlərə söykəndiyini vurğulayaraq, Azərbaycanın bu formata qoşulmasını təbii və məntiqli proses kimi xarakterizə etdi. Onun çıxışı yalnız mövcud əməkdaşlığın qiymətləndirilməsi deyil, həm də gələcək strateji fəaliyyət planının konturlarını ortaya qoydu.
Dövlət başçısı azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya dövlətlərinin göstərdiyi dəstəyə xüsusi önəm verərək, bunun xalqları birləşdirən qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu qeyd etdi. Bununla yanaşı, nəqliyyat dəhlizlərinin, xüsusən Orta Dəhlizin genişləndirilməsi, regional rəqəmsal infrastrukturun birləşdirilməsi və enerji inteqrasiyasının gücləndirilməsi kimi məsələlər Prezidentin çıxışında əsas prioritetlərdən biri kimi təqdim olundu. Bu istiqamətlər həm Azərbaycan, həm də region ölkələri üçün yeni iqtisadi imkanlar açır.
Prezidentin vurğuladığı ən mühüm məqamlardan biri də Azərbaycanın bu formata qoşulmasının münasibətlərin qardaşlıq xarakterini daha da gücləndirəcəyi, eyni zamanda əməkdaşlığın geniş coğrafiyada daha effektiv hala gələcəyidir. Onun çıxışı Mərkəzi Asiya–Azərbaycan əməkdaşlığının strateji xəritəsini müəyyənləşdirən və regionda uzunmüddətli perspektivləri formalaşdıran mühüm siyasi mesajlar verdi.
Elxan Ələkbərov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın