Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas sütunlarından biri nəqliyyat və logistika sahəsində formalaşan strateji tərəfdaşlıqdır. Xüsusilə Orta Dəhlizin inkişafı bu ölkələrin qlobal ticarət sistemində rolunu artıran başlıca layihələrdəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, nəqliyyat infrastrukturu üzərində aparılan modernləşdirmə işləri regionun tranzit potensialını genişləndirir və Şərqlə Qərb arasında real iqtisadi körpünün yaranmasına xidmət edir. Bu dəhliz təkcə iqtisadi xətt deyil, həm də siyasi birləşdiricilik elementinə çevrilib.
Son illərdə Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirərək multimodal daşımaların həcmini artırıb. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil yolları və rəqəmsal logistik platformalar bu dəhlizin təməl elementlərini təşkil edir. Xəzər üzərindən bərabərlik prinsipi ilə qurulan əməkdaşlıq isə daşımaların sürətini və təhlükəsizliyini artırır. Bu gün Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı böyük ölçüdə Azərbaycanın tranzit imkanlarından asılıdır.
Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi logistika sahəsində koordinasiyanı əhəmiyyətli dərəcədə gücləndirəcək. Regionun vahid iqtisadi məkana çevrilməsi nəqliyyat siyasətində uyğunlaşdırmada yeni imkanlar yaradır. Bu əməkdaşlıq yalnız tranzit gəlirləri ilə məhdudlaşmır, həm də enerji təhlükəsizliyi, rəqəmsal infrastruktur və sərhədyanı ticarətdə yeni inteqrasiya modellərinin formalaşmasına şərait yaradır. Regional həmrəyliyin artması beynəlxalq şirkətlərin də marağını daha da gücləndirir.
Orta Dəhlizin strateji əhəmiyyəti bundan ibarətdir ki, bu xətt geosiyasi risklərdən yan keçən, etibarlı və proqnozlaşdırıla bilən marşrut kimi qlobal bazarlarda xüsusi əhəmiyyət qazanıb. Azərbaycan və Mərkəzi Asiya ölkələri bu infrastrukturun stabil fəaliyyətini təmin etməklə həm regional təhlükəsizliyə töhfə verir, həm də öz iqtisadi modellərini daha dayanıqlı edir. Bu baxımdan əməkdaşlığın gələcək perspektivləri böyükdür və regionun qlobal iqtisadi sistemdə çəkisini daha da artıracaq.
Xəyalə Novruzova
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın