Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer ayırdığı mövzulardan biri Orta Dəhlizin inkişafı idi. Bu nəqliyyat marşrutu təkcə Azərbaycan və Özbəkistan üçün deyil, bütün Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyır. Prezidentin sözlərinə görə, Azərbaycanın müasir nəqliyyat infrastrukturu regionu qlobal ticarətin mühüm tərkib hissəsinə çevirir və Avrasiya məkanında tranzit axınlarının şaxələndirilməsinə şərait yaradır.
Orta Dəhliz regionda iqtisadi əməkdaşlığı gücləndirən başlıca mexanizmlərdən biri kimi formalaşır. Xüsusilə Xəzər üzərindən logistikanın inkişafı və multimodal daşımaların artması Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Dövlət başçısının vurğuladığı kimi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının gücünün 25 milyon tona çatdırılması bu əməkdaşlığın daha da institusional xarakter almasına şərait yaradır.
Bu dəhlizin strateji əhəmiyyəti ondan ibarətdir ki, region ölkələri qlobal geosiyasi gərginliklər fonunda daha etibarlı və təhlükəsiz marşrutlara ehtiyac duyur. Azərbaycan bu marşrutun mərkəzi halqasını təşkil etməklə həm region dövlətlərinə, həm də beynəlxalq bazarlara etibarlı tranzit xidməti təqdim edir. Nəticədə ölkəmiz Avrasiyanın əsas logistik aktorlarından birinə çevrilir.
Prezidnet İlham Əliyevin vurğuladığı Zəngəzur dəhlizinin əldə olunacaq nəticələri daha da genişləndirəcəyi şübhəsizdir. Bu layihə Mərkəzi Asiyanın Avropaya çıxışını asanlaşdırmaqla yanaşı, region dövlətləri arasında əlaqələri möhkəmləndirəcək. Azərbaycan və Özbəkistanın bu kontekstdə əməkdaşlığı qlobal logistik sistemdə yeni strateji xəttin formalaşmasına səbəb olacaq.
YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının
Sədr müavini: Anar Xəlilov


Bir şərh yazın