Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsi həm tarixi, həm də müasir geosiyasi amillərə əsaslanır. Coğrafi yaxınlıq, ortaq dini-mənəvi dəyərlər, oxşar adət və ənənələr bu münasibətlərin təbii əsasını təşkil edir. Son illərdə bu əməkdaşlıq təkcə siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi, nəqliyyat, enerji, humanitar və rəqəmsal sahələrdə yeni layihələr şəklində özünü göstərir. Prezident İlham Əliyevin həm UzA agentliyinə müsahibəsində, həm də Məşvərət Görüşündəki çıxışında bu sahələrin hər biri üzrə təqdim etdiyi yanaşmalar strateji tərəfdaşlığın gələcək perspektivlərini daha da genişləndirir.
Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında imzalanan müqavilələr, birgə investisiya fondlarının yaradılması, yüksək səviyyəli səfərlərin intensivliyi əlaqələrin dinamik inkişafının ən mühüm göstəricilərindəndir. Üç il ərzində liderlərin qarşılıqlı səfərlərinin sayının bu qədər yüksək olması regionda siyasi etimad və əməkdaşlıq mədəniyyətinin nə qədər güclü olduğunu sübut edir. Mədəniyyət günləri, sərgilər və humanitar proqramlar isə xalqlar arasında mənəvi yaxınlığı daha da artırır və bu inteqrasiyanın cəmiyyətlər səviyyəsində dəstəklənməsinə zəmin yaradır.
Bu gün Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya ilə birlikdə vahid geosiyasi və geoiqtisadi məkana çevrilib. Bunun əsasında həm tarixdən gələn bağlar, həm də müasir dövrün tələb etdiyi strateji əməkdaşlıq modelləri dayanır. Azərbaycanın regional platformalara qoşulması, xüsusilə Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı kimi qəbul olunması, ölkənin regionda artan nüfuzunun və qarşılıqlı etimadın məntiqi nəticəsidir. Bu birlik həm regionun qlobal nüfuzunun artmasına, həm də dayanıqlı tərəfdaşlıq modelinin formalaşmasına xidmət edir.
Səmayə Əliyeva
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın