Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son illər baş verən keyfiyyət dəyişikliyi regionun siyasi arxitekturasını yenidən formalaşdıran başlıca faktorlardandır. Suverenliyin tam bərpası və qazandığımız tarixi Zəfər ölkəmizin geosiyasi çəkisini artıraraq həm Türk dünyasında, həm də Avrasiya miqyasında əməkdaşlıq istiqamətlərinə yeni dinamika qazandırdı. Prezident İlham Əliyevin Özbəkistana səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı bu strateji paralelliyin ən real təcəssümü kimi yadda qaldı. Səfər çərçivəsində aparılan danışıqlar bir daha göstərdi ki, Azərbaycan bu regionun yalnız dostu deyil, həm də inkişaf prosesinin fəal iştirakçısıdır.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında tarixi-mədəni bağlılıq, ortaq dini və mənəvi dəyərlər əməkdaşlıq siyasətinin əsas dayaq nöqtəsini təşkil edir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi bu münasibətlərin institusional əsaslara keçdiyini göstərir. Mədəniyyət günləri, sərgilər, konsertlər və birgə layihələr xalqların daha sıx inteqrasiyasına şərait yaradır. Bu isə təkcə diplomatik həmrəylik deyil, toplumlararası etimadın formalaşması üçün mühüm platformadır.

Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq prosesinə Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyi əməkdaşlığın səmimiliyini təsdiqləyən ən önəmli faktorlardan biridir. Füzuli və Ağdamda qardaş ölkələr tərəfindən inşa edilən məktəblər və incəsənət mərkəzləri bu bölgənin yenidən dirçəlişinə verilən real töhfədir. Türkmənistanın Füzulidə inşa etdiyi məscidin təməlinin qoyulması isə həm dini, həm də mənəvi dayanışmanın inkişafına xidmət edir. Bu addımlar regionda birgə gələcək vizyonunun möhkəmləndiyini nümayiş etdirir.

Mərkəzi Asiya Dövlət Başçılarının qərarı ilə Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv qismində qəbul edilməsi əməkdaşlığın yeni strateji mərhələyə qədəm qoyduğunu göstərir. Bu addım yalnız siyasi yaxınlaşma deyil, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında Avrasiyanın mərkəzində yeni geoiqtisadi körpünün formalaşması deməkdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu birlik geniş coğrafiyada sabitlik, inkişaf və strateji dayanıqlılıq üçün mühüm platformaya çevrilir.

Elmira Əliyeva

YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.