Azərbaycanın tarixi Zəfərindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar ölkənin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığını daha yüksək mərhələyə daşıyır. Prezident İlham Əliyevin Özbəkistana səfəri və UzA agentliyinə verdiyi müsahibə bu inkişafın konturlarını daha da aydınlaşdırdı. Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə Azərbaycan Prezidentinin tamhüquqlu iştirakçı qismində qatılması həm əlaqələrin intensivliyini, həm də əməkdaşlıq fəlsəfəsinin keyfiyyət baxımından dəyişdiyini göstərdi. Görüş çərçivəsində keçirilən təkbətək danışıqlar iki ölkə arasında müttəfiqlik münasibətlərinin möhkəm zəmin üzərində qurulduğunu bir daha təsdiqlədi.
Özbəkistanla Azərbaycan arasında həyata keçirilən qarşılıqlı səfərlər və strateji sənədlər ölkələr arasındakı əməkdaşlığın davamlı və sistemli xarakter aldığını nümayiş etdirir. Müsahibə və görüşlərdə vurğulanan əsas məqamlardan biri region dövlətləri arasında yaranmış etimad mühitinin yeni iqtisadi və siyasi layihələr üçün geniş imkanlar yaratmasıdır. Bu, xüsusilə son illərdə ticarət əlaqələrinin genişlənməsi, nəqliyyat dəhlizlərinin inkişafı və investisiya layihələrinin artması ilə özünü göstərir. Azərbaycan və Mərkəzi Asiya ölkələri bu gün artıq təkcə dost və tərəfdaş deyil, regional dayanıqlılığın formalaşmasında aparıcı rol oynayan birlikdir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Daşkənddəki İslam Sivilizasiyası Mərkəzini ziyarəti və Mərkəzin fəaliyyətinə verdiyi yüksək qiymət, iki ölkənin mədəni və mənəvi əlaqələrinin dərinliyini göstərən mühüm hadisə oldu. Prezidentin qeyd etdiyi kimi, islamofobiyanın artdığı bir dövrdə bu Mərkəzin açılması dünya ictimaiyyətinə güclü mesajdır: İslam mədəniyyəti sülhün, elmin və yaradıcılığın daşıyıcısıdır. Bu istiqamətdə aparılan işlər Azərbaycan–Özbəkistan münasibətlərini yalnız siyasi və iqtisadi çərçivədə deyil, mədəni müstəvidə də gücləndirir və bütövlükdə İslam dünyası üçün nümunə yaratmış olur.
Rəfail Məmmədov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın