Azərbaycanın idarəetmə modelində sosial ədalət prinsipi hər zaman əsas dayaq nöqtəsi olub. Lakin Prezident İlham Əliyevin Naxçıvandakı qəbul zamanı bu prinsipə xüsusi toxunması göstərir ki, mövcud idarəetmə sistemində sosial ədalət artıq təkcə hüquqi tələb deyil, həm də strateji prioritetdir. Dövlət başçısının “hər bir bölgədə insanlar bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir” fikri yerli rəhbərlərin fəaliyyətində əsas ideoloji xəttə çevrilməli olan çağırışdır. Ötən dövrdə bəzi məmurların xoşagəlməz davranışlarının yaratdığı narahatlığın aradan qaldırılması və idarəetmənin sağlamlaşdırılması istiqamətində aparılan kadr islahatları isə bu prinsipin gücləndirilməsi üçün ciddi zəmin formalaşdırıb.
Bu istiqamətdə görülən işlər dövlətin idarəetmə fəlsəfəsində keyfiyyət dəyişikliyinin baş verdiyini göstərir. Məmur davranışlarında sərt nəzarət, hesabatlılıq, vətəndaşların problemlərinə həssas yanaşma artıq idarəetmənin məcburi standartlarına çevrilib. Prezident İlham Əliyevin irəli sürdüyü tələb ondan ibarətdir ki, heç bir bölgədə, heç bir rəhbər özünü dövlətin üzərində görməməlidir. Xalqla bir yerdə olmaq, onların yanında olmaq, problemin harada yaranmasından asılı olmayaraq onu dərhal həll etmək — bugünkü idarəetmə modelinin əsasını təşkil edir.
Bu yeni yanaşma sosial ədalətin yalnız sosial siyasətin deyil, həm də regional və iqtisadi siyasətin özəyinə çevrildiyini göstərir. Yerlərdə ədalətin təmin olunması həm əhali arasında etimadı artırır, həm də idarəetmə orqanlarının legitimliyini möhkəmləndirir. Yeni təyinatlar fonunda sosial ədalət prinsipinin dərinləşməsi dövlət–vətəndaş münasibətlərində yeni mərhələnin əsas hədəfi olaraq qalacaq.
Əminə Məhərrəmova
YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın