Prezident İlham Əliyevin Naxçıvanda səlahiyyətli nümayəndə və icra başçıları ilə görüşü ölkənin idarəetmə sistemində yeni mərhələnin əsaslarını müəyyənləşdirən proqram xarakterli çıxış kimi əhəmiyyət kəsb edir. Dövlət başçısının vurğuladığı əsas məqam ondan ibarətdir ki, idarəetmə strukturlarının hər birində xalqa xidmət prinsipi əsas xətt kimi dayanmalıdır. Prezident İlham Əliyev təyinatın yalnız vəzifə deyil, həm də vətəndaş qarşısında mənəvi məsuliyyət olduğunu xatırladaraq, rəhbər şəxslərin xalqa yaxın və operativ fəaliyyət göstərməli olduqlarını bildirdi.
Çıxışda xüsusilə infrastrukturun yenilənməsi ilə bağlı qeyd olunan faktlar Azərbaycanın regionlarının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Elektrik enerjisi sisteminin tam modernləşdirilməsi, yeni enerji xətlərinin çəkilməsi, azad edilmiş ərazilərdə enerji infrastrukturunun sıfırdan qurulması ölkədə enerji təhlükəsizliyini təmin edən mühüm addımlardır. Su təchizatının yaxşılaşdırılması, su anbarlarının və kanalların tikintisi isə kənd təsərrüfatında istehsalın artmasına şərait yaradır. President İlham Əliyevin bəyan etdiyi kimi, bu uğurlar planlı və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin idarəetmədə sosial ədalət prinsipinə xüsusi önəm verməsi çıxışın əsas tezislərindən biri olub. Dövlət başçısı vurğuladı ki, ölkənin bütün bölgələrində yaşayan insanlar ədalətin mövcudluğunu hiss etməli və dövlətin hər bir vətəndaşı eyni qayğı ilə əhatə etməlidir. Bu, idarəetmənin yalnız texniki proses deyil, həm də əxlaqi məsuliyyət olduğunu göstərir. Yeni təyinat alan rəhbərlərin əsas missiyası isə insanların rifahını artırmaq, sosial problemlərin həllində iştirakçı olmaq və dövlətlə vətəndaş arasında möhkəm etimad körpüsü yaratmaqdır.
Xəyalə Novruzova
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın