Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Ceyhun Cəlilovu Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdi. Bu görüş dövlətin idarəetmədə şəffaflıq, məmur məsuliyyəti və regionların sosial-iqtisadi inkişafına verdiyi önəmi nümayiş etdirdi. Dövlət başçısı diqqəti həm təyinatların ideoloji mahiyyətinə, həm də ölkədə dayanıqlı inkişafın əsas prinsiplərinə yönəltdi.
Dövlət başçısı İlham Əliyev rəhbərlərə böyük etimad göstərildiyini vurğulayaraq bildirdi ki, bu etimadı yalnız əməli fəaliyyətlə doğrulmaq mümkündür. Onun sözlərinə görə, rəhbər vəzifədə çalışan hər bir şəxs xalqa xidmət etməli, xalqla bir yerdə olmalı və təvazökar davranış sərgiləməlidir. Həyatda və işdə nümunəvi davranış həm məmurun nüfuzunu qoruyur, həm də dövlət siyasətinə inamı gücləndirir. Prezident İlham Əliyev rəhbərlərə həmçinin korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparmağı, etibarlı və mənəvi cəhətdən təmiz kadrları seçməyi və bölgələrdə fəaliyyətlə etimadın doğruluğunu sübut etməyi tapşırdı.
Prezident İlham Əliyev çıxışında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu nəticələrini də diqqətə çatdırdı. Dövlət xətti və investisiya proqramları hesabına elektrik enerjisi, magistral və kənd yolları, içməli su, suvarma və sosial infrastruktur layihələri icra olunub. Hazırda işğaldan azad edilmiş ərazilələr də daxil olmaqla bütün bölgələrdə əsas infrastruktur layihələri başa çatıb və müasir standartlara cavab verir. Eyni zamanda, dövlət başçısı sosial ədalət prinsipini əsas tutaraq vurğuladı ki, hər bir bölgədə və kənddə insanlar görməli və bilməlidirlər ki, ədalət hər zaman üstünlük təşkil edir. Beləliklə, mərkəzi və yerli idarəetmə sisteminin məqsədi bölgələrdə dayanıqlı inkişafı təmin etmək, vətəndaşların rifahını yüksəltmək və ölkənin sosial-iqtisadi sabitliyini qorumaqdır.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın