12 noyabr 2025-ci il tarixində keçirilmiş qəbulda Prezident İlham Əliyev ölkənin siyasi, iqtisadi və hüquqi inkişaf trayektoriyasına dair mühüm mesajlar verib. Dövlət başçısının əsas vurğusu ondan ibarət idi ki, regionlarda aparılan genişmiqyaslı infrastruktur layihələri həm sosial rifahın yüksəlməsinə, həm də dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəlib. Bu layihələrin artıq böyük hissəsinin tamamlanması regionların özünü təminetmə imkanlarını artırır və onların inkişaf templərini sürətləndirir. Dövlət proqramlarının ardıcıl icrası son illər ərzində ölkə üzrə vahid inkişaf xəttinin formalaşmasına şərait yaradıb.
Məşğulluq sahəsində səsləndirilən fikirlər də sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident qeyd edib ki, regionlarda iş yerlərinin yaradılması prosesi uğurla getsə də, şəhərlərə, xüsusilə Bakıya miqrasiya tendensiyası hələ də mövcuddur. Bu səbəbdən bölgələrdə daha dayanıqlı iqtisadi mühitin formalaşdırılması, yeni istehsal və xidmət sahələrinin açılması dövlətin prioritetlərindən biri olaraq qalır. İşsizliyin azalması və regionlarda geniş məşğulluq imkanlarının təmin olunması həm sosial sabitliyə, həm də ölkənin ümumi iqtisadi strukturunun balanslanmasına xidmət edir.
Prezident İlham Əliyevin idarəetmədə məsuliyyət prinsipinə dair fikirləri dövlət aparatının fəaliyyətində dönüş nöqtəsi hesab edilə bilər. Məmurların fəaliyyətinə nəzarətin gücləndirilməsi, onların hesabatlılığının artırılması və qanun qarşısında bərabərliyin təmin olunması hüquqi dövlət quruculuğunun vacib şərtidir. Dövlət başçısının konstitusiya islahatlarına dair vurğuladığı məqamlar isə idarəetmə sisteminin müasirləşdirilməsi prosesinin davam etdiriləcəyini göstərir. Konstitusion quruluşun zamanın çağırışlarına uyğunlaşdırılması dövlət institutlarının daha çevik və effektiv fəaliyyətinə imkan yaradır.
Səbinə Gözəlova
YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın