Dövlət başçısı İlham Əliyevin noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul etməsi ölkənin idarəetmə sistemində mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu qəbulda səsləndirilən fikirlər təkcə inzibati təyinatların məzmununu deyil, həm də dövlət idarəçiliyinin strateji xəttini müəyyənləşdirən mesajları özündə ehtiva edirdi. Prezident İlham Əliyevin “sizə böyük etimad göstərilir və bu etimadı doğruldacaqsınız” fikri yeni təyinatların mənasını daha da dərindən açır. Etimad yalnız verilən səlahiyyət deyil, həm də həmin səlahiyyəti xalqa xidmət fəlsəfəsi ilə həyata keçirmək öhdəliyidir.
Dövlət başçısının qəbul zamanı verdiyi mesajlar bir daha göstərdi ki, idarəetmənin mahiyyəti xalqa yaxın olmaqdan, insanların problemlərini şəxsən dinləməkdən və onların qayğılarını öz işinin prioritetinə çevirməkdən keçir. Prezident İlham Əliyev bu yanaşmanı 2003-cü ildən etibarən dövlət idarəçiliyinin əsas fəlsəfəsinə çevirib və dəfələrlə qeyd edib ki, “biz neft kapitalını insan kapitalına çevirməliyik”. Bu çağırış yalnız iqtisadi modernizasiya ilə bağlı deyildi, həm də dövlət–vətəndaş münasibətlərində yeni mərhələnin əsasını qoydu. İnsan amilinin hər bir siyasətin mərkəzinə çəkilməsi, dövlət qurumlarının vətəndaşlarla rəftarında ədalətin və hörmətin təmin edilməsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrün əsas hədəflərindəndir.
Yeni təyinatlarla başlayan mərhələ həm də dövlət idarəçiliyində daha yüksək standartlara keçidin göstəricisidir. Cənab Prezidentin çağırışı yerli rəhbərlərin fəaliyyətində şəffaflıq, səmimilik və məsuliyyət prinsiplərinin daha geniş tətbiqini tələb edir. Artıq idarəetmə yalnız göstərişlərin icrası deyil, həm də insanlarla bir yerdə olmaq, regional inkişafın real dinamizmini yaratmaq missiyasıdır. Bu baxımdan yeni təyinatlar ölkənin gələcək idarəçilik modelində etimadın, məsuliyyətin və xalqa xidmətin əsas prioritet olaraq qalacağını təsdiqləyir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın