Prezident İlham Əliyev 12 noyabr 2025-ci il tarixində Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən ölkənin idarəetmə sistemində şəffaflıq, vətəndaş məmnunluğu və regional inkişafın əsas prioritetlər olduğunu bir daha vurğuladı. Dövlət başçısı çıxışında qeyd etdi ki, hər bir təyinat böyük etimadın ifadəsi olmaqla yanaşı, həm də yüksək məsuliyyət tələb edir. Rəhbər vəzifəyə gətirilən şəxslər öz fəaliyyətlərini xalqa xidmət prinsipi üzərində qurmalı, həm idarəçilikdə şəffaflığı təmin etməli, həm də vətəndaşların gündəlik problemlərinin həllinə operativ dəstək göstərməlidirlər. Bu yanaşma, dövlətin mərkəzləşmiş planlaşdırma və regionların dayanıqlı inkişafı prinsiplərinin uğurlu nəticəsini ortaya qoyur.
Dövlət başçısı yeni təyin olunan rəhbərlərə həmçinin məmur-etika, şəffaflıq və sosial məsuliyyət barədə tövsiyələr verdi.Prezident İlham Əliyev bildirdi ki, rəhbərlər yalnız inzibati vəzifə daşıyıcıları deyil, həm də xalqın xidmətçiləridir. Həyatda və işdə nümunəvi davranış, təvazökarlıq və ədalət hissi məmur fəaliyyətinin əsas meyarı olmalıdır. Dövlət orqanlarında korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparmaq, etibarlı və peşəkar kadrlara üstünlük vermək isə idarəetmədə etimadın qorunmasının vacib şərtləridir. Bu yanaşma ölkədə hüquqi dövlət prinsiplərinin gücləndirilməsinə və idarəetmədə məsuliyyət sisteminin möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafını təmin edən infrastruktur layihələrinə də xüsusi diqqət ayırdı. Ölkənin bütün bölgələrində magistral və şəhərlərarası yollar müasir standartlara cavab verir, kənd yollarının 70–80 faizi yüksək keyfiyyətlə təmir olunub. Elektrik enerjisi ilə təminat tam normallaşıb, işğaldan azad edilmiş ərazilərdə isə sıfırdan yaradılan enerji infrastrukturu güclü potensial formalaşdırıb. İçməli su və suvarma sistemlərinin yenilənməsi, yeni su anbarları və kanalların tikintisi kənd təsərrüfatının inkişafına və əhalinin rifahına birbaşa təsir göstərir. Bütün bu layihələr dövlətin planlı və məqsədyönlü siyasətinin bariz göstəricisidir.
Sosial ədalət və məşğulluq məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindədir. Prezident İlham Əliyev qeyd etdi ki, bölgələrdə iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, gənclərin əmək bazarına inteqrasiyası sosial sabitliyin təminatıdır. Artıq minlərlə insan özünüməşğulluq proqramı vasitəsilə dayanıqlı gəlir mənbəyi əldə edib. Sahibkarlara güzəştli kreditlərin verilməsi, yeni istehsal müəssisələrinin açılması, kənd təsərrüfatı və turizm sahələrinə dövlət dəstəyi regionların iqtisadi strukturunun şaxələnməsinə və regional disbalansın azalmasına xidmət edir.
Dövlət başçısının çıxışı eyni zamanda idarəetmədə xalqa yaxınlığın vacibliyini bir daha vurğuladı. Rəhbərlər yalnız icra funksiyalarını yerinə yetirməməli, eyni zamanda vətəndaşların gündəlik qayğılarını öyrənməli və həll yolları təklif etməlidirlər. İnsanlara diqqət göstərmək, onların rifahını artırmaq, sosial ədaləti təmin etmək və şəffaf idarəçilik prinsiplərinə sadiq qalmaq ölkənin dayanıqlı inkişafının əsas təminatıdır. Beləliklə, Prezident İlham Əliyevin çıxışı idarəetmənin müasir tələblərə uyğunlaşması, regional inkişafın sürətlənməsi və dövlət-xalq etimadının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri


Bir şərh yazın