Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il qəbulunda dövlət idarəçiliyi və regional inkişafla bağlı səsləndirdiyi tezislər ölkənin strateji inkişaf xəttinin əsas istiqamətlərini müəyyənləşdirir. Dövlət başçısı qeyd edib ki, infrastrukturun regionlarda tamamlana bilməsi Azərbaycanın yeni iqtisadi mərhələyə qədəm qoyduğunu göstərir. Elektrik enerjisi, nəqliyyat, sosial obyektlər və digər infrastruktur sahələrində görülmüş işlər regionların potensialının reallaşdırılması üçün möhkəm baza formalaşdırır. Bu isə dövlətin mərkəzləşmiş və məqsədyönlü inkişaf siyasətinin real nəticələrini ortaya qoyur.
Sosial siyasətin prioritet istiqamətlərindən biri olan məşğulluq məsələsi də prezidentin diqqətindən yayınmayıb. O bildirib ki, işsizlik səviyyəsinin azalmasına baxmayaraq, bölgələrdən paytaxta və iri şəhərlərə axın hələ də davam edir. Bu tendensiyanın qarşısının alınması üçün regionların iqtisadi imkanlarının genişləndirilməsi, yeni sənaye zonalarının və kənd təsərrüfatı klasterlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Regionlarda insanların öz yaşayış yerlərində layiqli iş imkanına sahib olması həm miqrasiyanın azalması, həm də milli iqtisadiyyatın daha tarazlı inkişaf etməsi deməkdir.
Görüşdə səsləndirilən ən prinsipial məsələlərdən biri də idarəetmədə məsuliyyətin və şəffaflığın artırılması olub. Prezident İlham Əliyevin məmurlara ünvanladığı xəbərdarlıq dövlət aparatında nizam-intizamın gücləndirilməsinə, dövlət institutlarının effektivliyinin artırılmasına yönəlmiş addımdır. Bununla yanaşı, dövlət başçısının konstitusiya və hüquqi dövlət prinsipləri ilə bağlı vurğuladığı məqamlar göstərir ki, hüquqi mexanizmlərin təkmilləşdirilməsi dövlətin davamlı inkişafının əsas şərtidir. Konstitusiya islahatları isə idarəetmə sisteminin müasir tələblərə uyğun şəkildə yenilənməsini təmin edən fundamental prosesdir.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın