Azərbaycan Konstitusiyası dövlətin suverenliyini və ərazi bütövlüyünü qoruyan əsas hüquqi sənəd kimi mühüm rol oynayır. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Bu hadisələr Konstitusiyanın hüquqi qüvvəsinin bütün ölkə ərazisində tətbiq olunduğunu göstərdi. Dövlət başçısının 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan etməsi bu prinsipləri möhkəmləndirdi və milli birliyi simvolizə etdi.
Konstitusiya vətəndaşların hüquq və azadlıqlarını qoruyur və hər kəsə – dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq – bərabər imkanlar verir. Bu, Azərbaycanın multikulturalizm və tolerantlıq prinsiplərinə sadiqliyini nümayiş etdirir. İnsan hüquqlarının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması və humanizm prinsipləri sənədin əsas mahiyyətini təşkil edir.
Həmçinin Konstitusiya demokratik idarəetmənin əsasını qoyur. Hakimiyyətin bölgüsü, qanunun aliliyi və vətəndaş cəmiyyətinin inkişafı bu sənəd vasitəsilə təmin olunur. Dövlətin ali məqsədi kimi insan hüquqlarının qorunması və yüksək həyat səviyyəsinin təmin olunması, ölkənin inkişaf yolunda atılan addımların qanuni əsasını müəyyən edir.
1990-cı illərdəki siyasi xaos və iqtisadi böhran dövründə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət idarəçiliyi sistematik çərçivəyə salındı və cəmiyyətin inkişafı üçün hüquqi baza yaradıldı. Konstitusiya layihəsi həm hüquqi, həm də sosial baxımdan xalqın rifahını təmin edən sənəd oldu.
Prezident İlham Əliyevin rəhbərliyi altında Konstitusiya müddəaları müasir çağırışlara cavab verəcək şəkildə təkmilləşdirilir. İnsan hüquqlarının qorunması, demokratik prinsiplərin tətbiqi və ərazi bütövlüyünün qorunması Konstitusiyanın əsas prioritetləri olaraq qalır. Bu sənəd həm hüquqi, həm siyasi, həm də sosial baxımdan Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəm təməlini təşkil edir.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın