1990-cı illərin əvvəllərində Azərbaycan siyasi xaos və anarxiya ilə üzləşmişdi. Vətəndaş müharibəsinin və qeyri-sabitliyin hökm sürdüyü dövrdə xalqın təkidli istəyi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev vəziyyəti sabitləşdirməyə başladı. O, ilk növbədə hüquqi çərçivənin formalaşdırılmasını prioritet etdi. Heydər Əliyevin şəxsi rəhbərliyi altında Azərbaycanın ən mötəbər ziyalıları ilə birlikdə Konstitusiya layihəsi hazırlandı və bu layihə ölkənin gələcək inkişafını təmin edən əsas sənəd oldu.
1995-ci il 12 noyabr tarixində qəbul edilən Konstitusiya Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb etdi. Referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın qəbuluna səs verdi. Bu sənəd yalnız hüquqi baxımdan deyil, həm də sosial və siyasi baxımdan ölkənin inkişafını təmin edən bir vasitə kimi qəbul edildi. İnsan hüquq və azadlıqlarının təmin olunması, demokratik prinsiplərin qorunması və dövlət idarəçiliyinin şəffaf quruluşu Konstitusiyanın əsas prioritetləri oldu.
Ulu Öndərin ideyaları bu gün Prezident İlham Əliyevin fəaliyyətində də öz əksini tapır. Dövlət başçısının qərarları, Konstitusiyanın müddəalarına uyğun olaraq, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasını təmin edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə həm tarixi, həm də hüquqi əhəmiyyət daşıyır, ölkəmizin inkişaf yolunda atılan addımların möhkəmliyini simvolizə edir.
Səmayə Əliyeva
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın