Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi milli dövlətçilik tariximizdə mühüm hadisədir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən bu ali qanun ölkəmizdə demokratik dövlət quruculuğunu təmin edən əsas prinsipləri təsbit etmişdir. Konstitusiya dövlət hakimiyyətinin demokratik əsaslarla formalaşdırılması, insan hüquqlarının qorunması, plüralizm və ümumbəşəri dəyərlərə sadiqlik kimi mühüm məsələləri əhatə edir. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu sənəd müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməlidir.
Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış xaos və anarxiya hüquqi dövlət quruculuğu üçün ciddi çağırışlar yaratmışdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik təmin edilmiş, hüquqi çərçivə yaradılmışdır. 1995-ci ildə qəbul olunan Konstitusiya dövlətin suverenliyini qorumaq, vətəndaşların hüquq və azadlıqlarını təmin etmək və demokratik prinsiplərin həyata keçirilməsi üçün möhkəm baza təmin etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər idarəetmənin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm də Azərbaycan dövlətçiliyinin inkişafını və suverenliyimizi möhkəmləndirmək məqsədi daşıyır. Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də xalqımızın birliyi və dövlətimizin dayanıqlı inkişafı üçün əsas sütundur.
Səbinə Gözəlova
YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın