Bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 ili tamam olur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş bu ali qanun ölkəmizdə müasir cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və prinsipləri özündə ehtiva edir. Konstitusiya dövlət hakimiyyət orqanlarının demokratik əsaslarla formalaşdırılmasını, insan hüquqlarının qorunmasını, siyasi plüralizm və ümumbəşəri dəyərlərə sadiqliyi təmin edir. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu sənəd, Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir Azərbaycan dövlətçiliyinin inkişafında möhkəm təməl rolunu oynayıb və hüquqi dövlət quruculuğu üçün zəmin yaradıb.
Azərbaycanın konstitusiya tarixi zəngin və mürəkkəbdir. 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmiş, lakin Sovet dövründə bir sıra Konstitusiyalar hazırlanmışdır. 1921-ci ildə ilk Konstitusiya qəbul edilib, sonrakı illərdə isə 1925, 1927, 1937 və 1978-ci illərdə əlavə və dəyişikliklər həyata keçirilmişdir. 1978-ci ilin aprelin 2-də Ümummilli Lider Heydər Əliyevin təklifi ilə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili kimi təsbit olunmuşdur. Bu addım milli dirçəlişin və milli mənlik şüurunun güclənməsində mühüm rol oynayıb və xalqımızı müstəqillik yoluna hazırlayıb.
1991-ci ildə müstəqillik əldə edilsə də, ölkədə anarxiya və xaos hökm sürürdü. Hakimiyyətin səmərəsiz fəaliyyəti cəmiyyətin bütün sahələrində böhran yaratmış, vətəndaşların hüquq və təhlükəsizliyini təmin etmək mümkün olmamışdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan üçün yeni mərhələ başladı. Onun rəhbərliyi altında Konstitusiyanın hazırlanması ölkədə hüquqi dövlətin formalaşması və qanunçuluğun təmin edilməsi baxımından həyati əhəmiyyət daşıyırdı. 1995-ci il noyabrın 12-də qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğunda dönüş nöqtəsi oldu.
Konstitusiyaya son illərdə edilmiş əlavə və dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir. 2016-cı ildə keçirilmiş referendumla 29 maddədə 41 dəyişiklik təsdiqlənmiş, ali dövlət hakimiyyəti və məhkəmə sisteminin işinin səmərəliliyi artırılmış, insan hüquqlarının qorunması üçün yeni mexanizmlər tətbiq edilmişdir. Eyni zamanda idarəçilikdə yeni institutlar – o cümlədən vitse-prezidentlik institutu – yaradılmış, beləliklə müasir Azərbaycan dövlətinin funksional idarəetmə modeli formalaşdırılmışdır. Bu dəyişikliklər dövlətin sosial-iqtisadi bazasının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının təminatına və demokratik prinsiplərin tətbiqinə xidmət edir.
Bu tarixi nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və Konstitusiyanın 30 illik yubileyinin qeyd edilməsi dövlətçilik ənənələrimizin gücləndirilməsinə, suverenliyin möhkəmləndirilməsinə və hüquqi dəyərlərin qorunmasına xidmət edir. Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də xalqın birliyi, dövlətin inkişafı, ərazi bütövlüyü və demokratik prinsiplərin həyata keçirilməsi üçün etibarlı baza rolunu oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi güclənir və xalqımız bu uğurlarına böyük qürur hissi ilə baxır.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri


Bir şərh yazın