1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mühüm yeniliyə imza atdı. Sənədin 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli şüurun və suveren düşüncənin hüquqi ifadəsi idi. Bu qərar sonrakı dövrlərdə müstəqil dövlət quruculuğu prosesinə ideoloji dayaqlar yaratdı.
1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, o illərdəki siyasi qeyri-sabitlik bu məqsədin reallaşmasına imkan vermədi. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə sabitlik bərqərar edildi və hüquqi dövlət quruculuğuna zəmin yaradıldı.
Ümummilli Liderin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycanın Əsas Qanununun layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi. Seçicilərin 91,9 faizi bu sənədin lehinə səs verdi. 27 noyabr 1995-ci ildə qüvvəyə minən Konstitusiya Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsinə çevrildi və müasir hüquqi sistemin təməlini qoydu.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın