Azərbaycan Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirən sənəd olmaqla yanaşı, cəmiyyətin demokratik inkişafını təmin edən əsas vasitədir. Konstitusiya qəbul edilərkən həm dövlətin mövcudluğu, həm də hüquqi dövlət quruculuğu prinsipləri nəzərə alınmışdır. 1995-ci il Konstitusiyası dövlətin suverenliyini, ərazi bütövlüyünü qorumaq və insan hüquqlarını təmin etmək məqsədi daşıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il referendumunda Konstitusiyaya 29 maddədə 41 əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə xidmət etmişdir. Eyni zamanda, idarəetmə sistemində yeni təsisat – birinci vitse-prezidentlik institutu yaradılmışdır ki, bu da dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yeni idarəetmə modelini formalaşdırır.
Azərbaycan Konstitusiyası həm də vətəndaşların hüquq və azadlıqlarına təminat verən sənəd kimi çıxış edir. Konstitusiyada təsbit olunmuş hüquqi prinsiplər və dövlət quruluşu mexanizmi ölkəmizin demokratik və hüquqi dövlət kimi inkişafını təmin edir. Bu baxımdan Konstitusiya həm hüquqi baza, həm də milli dövlətçilik ənənələrinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Bir şərh yazın