Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər il 9 noyabrda qeyd edilir. Bu tarixin rəsmi şəkildə bayram elan olunması Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsbit olunub. Həmin qərar Azərbaycan dövlətinin rəmzlərinə olan hörmətin, milli dəyərlərə ehtiramın bariz nümunəsidir. Dövlət Bayrağı Gününün tarixi Azərbaycan Xalq Cümhuriyyətinə dayanır. Məhz 1918-ci il noyabrın 9-da hökumətin iclasında üçrəngli bayrağımız qəbul edilərək Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Bu hadisə xalqımızın müstəqillik və azadlıq ideyalarının rəmzinə çevrilib.
Bayrağımızın üç rəngi — mavi, qırmızı və yaşıl — xalqımızın mənəvi köklərini, müasirlik yönümünü və islam mədəniyyətinə bağlılığını simvolizə edir. Bu ideologiyanın müəllifi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur. “Türkçülük, müasirlik, islamçılıq” prinsipləri əsasında formalaşan bu rəmz Azərbaycan xalqının milli özünüdərkində mühüm yer tutub. Ümummilli Lider Heydər Əliyev bayrağımızın mənəvi dəyərini belə ifadə etmişdir: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.” Bu çağırış gənc nəsli vətənpərvərliyə, dövlət atributlarına ehtirama səsləyirdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Müzəffər Ali Baş Komandan kimi İlham Əliyev Zəfərdən dərhal sonra Qarabağa səfərlər edərək Cəbrayıl, Füzuli, Şuşa və digər şəhərlərdə Azərbaycan Bayrağını ucaltdı. Bu, xalqımızın uzun illər həsrətini çəkdiyi an idi. Bayrağımız bu gün yalnız dövlətimizin deyil, həm də birləşən, güclənən, qalib xalqın simvoludur.
Elxan Ələkbərov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın