9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Bu tarix, 107 il öncə – 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında qəbul edilən üçrəngli bayrağın yaradılması ilə bağlıdır. Həmin gün Bakıda ilk dəfə bu müqəddəs rəmz dövlət binası üzərində qaldırılmışdı. Türkçülük, müasirlik və islam birliyini özündə əks etdirən bayraq xalqımızın milli kimliyini, mənəvi dəyərlərə sadiqliyini və azadlıq arzusunu simvolizə edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər bu bayraq dövlət atributu kimi dalğalandı və sonradan azadlıq mübarizəmizin ideoloji dayağına çevrildi.
Bu müqəddəs simvolun yenidən ucaldılması 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında mümkün oldu. O dövrdə hələ Sovet İttifaqı tam dağılmamışdı, Kommunist Partiyasının hökm sürdüyü bir zamanda Ümummilli Lider Heydər Əliyev böyük siyasi iradə nümayiş etdirərək üçrəngli bayrağımızın Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edilməsinə nail oldu. Həmçinin onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Ümummilli Liderin dediyi kimi, “Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.” Bu addım milli dövlətçiliyimizin yenidən dirçəlişinin rəmzinə çevrildi.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək bu rəmzi bütün ölkənin dövlət atributu elan etdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində üçrəngli bayraq bu gün də xalqımızın qürur mənbəyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakıda Dövlət Bayrağı Meydanının yaradılması və 9 noyabrın Dövlət Bayrağı Günü elan edilməsi bu müqəddəs rəmzə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Bu bayraq bu gün işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır və dövlətçiliyimizin əzəmətini təcəssüm etdirir.
Rəfail Məmmədov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın