Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük yadigarlarından biri olan üçrəngli bayraq xalqımızın milli mənsubiyyətini və azadlıq arzularını ifadə edir. Ümummilli Lider Heydər Əliyev bu bayrağın xalqın ruhunda xüsusi yer tutduğunu vurğulayaraq, onun hər evdə, hər ailədə müqəddəs rəmzə çevrilməli olduğunu bildirirdi. Prezident İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir” sözləri isə bu ideyanın davamıdır. Bayraq həm keçmişin mirası, həm də gələcəyin inamıdır.
1918-ci il noyabrın 9-da qəbul edilən bu bayraq müstəqil Azərbaycanın ilk dövlət atributu idi. Lakin 70 illik sovet hakimiyyəti dövründə bu simvol unudulmağa çalışıldı. 1990-cı il noyabrın 17-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayraq yenidən dalğalandı. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək bu rəmzi dövlət atributu elan etdi. Beləliklə, milli bayrağımız yenidən öz şərəfli yerini tutdu.
Bu gün üçrəngli bayraq Azərbaycanın hər guşəsində, xüsusən də azad edilmiş torpaqlarda ucalır. Qarabağda, Şuşada, Cəbrayılda dalğalanan bu bayraq Müzəffər Ordumuzun qəhrəmanlığının rəmzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə nəticəsində bayrağımız 30 ildən sonra Qarabağda dalğalanmağa başladı. Bu bayraq həm müstəqilliyimizin, həm də xalqımızın sarsılmaz iradəsinin simvoludur.
Natiq Mahmudov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın