Azərbaycan Respublikasının Dövlət Bayrağı təkcə bir dövlət atributu deyil, xalqımızın milli həmrəyliyinin və müstəqillik iradəsinin rəmzidir. Onun rənglərində xalqımızın tarixi, mədəniyyəti və mənəvi gücü əks olunur. Mavi – türk kimliyini, qırmızı – müasir inkişafı, yaşıl isə – islam mədəniyyətinə mənəvi bağlılığı ifadə edir. Bu ideya görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin düşüncələrindən qaynaqlanaraq Azərbaycanın istiqlal ideologiyasının təməlini qoydu. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd edilməsi bu müqəddəs simvolun əhəmiyyətini bir daha bütün dünyaya göstərdi.
1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qəbul edildi. Bu, sovet rejiminin hələ tam süquta uğramadığı bir dövrdə böyük cəsarət və siyasi iradə tələb edən tarixi qərar idi. Ümummilli Lider Heydər Əliyev yalnız bayrağımızı qaldırmaqla kifayətlənmədi, həm də Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılmasına nail olaraq müstəqilliyin bünövrəsini qoydu. Onun təşəbbüsü ilə qaldırılan vəsatət nəticəsində 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi. Beləliklə, üçrəngli bayrağımız yenidən müstəqil Azərbaycanın rəmzinə çevrildi.
Bu gün üçrəngli bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda ucalan bayrağımız qələbəmizin, milli birliyimizin və əbədi müstəqilliyimizin simvoludur. Hər bir Azərbaycan vətəndaşı üçün bu bayraq sadəcə parça deyil, həm tarix, həm də şərəf nişanəsidir. Bayrağımızın hər dalğalanması Azərbaycan xalqının iradəsini, əzmini və qalibiyyət ruhunu bütün dünyaya göstərir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın