Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli həmrəyliyinin, birliyinin və müstəqilliyinin simvoludur. Ümummilli Lider Heydər Əliyevin “Hər bir evdə Azərbaycan bayrağı olmalıdır” fikri bu rəmzin xalqımızın gündəlik həyatına necə sirayət etməli olduğunu göstərir. Bayraq sadəcə bir parça deyil, onun hər rəngi, hər cizgisi xalqın tarixi, mədəniyyəti və mənəviyyatı ilə sıx bağlıdır. Prezident İlham Əliyev bu dəyərləri qoruyaraq bayrağımızın hər zaman yüksəkdə dalğalanmasını təmin edir və onu dövlətimizin qürur mənbəyinə çevirir.
Tarixə nəzər salsaq, bu bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmişdir. Lakin bu şanlı simvol 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yenidən dövlət səviyyəsində qəbul olundu. Daha sonra, 1991-ci il fevralın 5-də bu bayraq Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə rəsmi şəkildə dövlət atributu elan edildi. Bu hadisə milli oyanışın, müstəqilliyin bərpasının və dövlətçiliyimizin yenidən doğuluşunun təntənəsi idi.
Bu gün Azərbaycan bayrağı təkcə ölkə daxilində deyil, bütün dünyada tanınır. Beynəlxalq yarışlarda idmançılarımızın qalib gəlib bayrağımızı zirvələrə qaldırması hər birimizin qürur mənbəyidir. Qarabağ torpaqlarında, Şuşada, Füzulidə dalğalanan üçrəngli bayraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş böyük Qələbənin rəmzidir. Bu bayraq azadlığımızın, dövlətimizin və gələcək nəsillərimizin yol göstəricisidir.
Zərifə İbrahimova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın