Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq xalqımızın milli istiqlal ideyasının simvolu kimi tarixə düşdü. O vaxtdan etibarən bu bayraq türklüyü, müasirliyi və islam birliyini özündə birləşdirərək Azərbaycanın kimliyini dünyaya bəyan etdi. 1920-ci ildə sovet işğalından sonra bu bayraq uzun illər unudulmağa çalışılsa da, xalqımız onu qəlbində yaşatdı. Həmin ruh 1990-cı il noyabrın 17-də Naxçıvanda yenidən dirçəlmiş oldu. Həmin gün Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul edildi. Ümummilli Lider Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması ilə də milli azadlıq iradəsini dünyaya nümayiş etdirdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırdı. Bu vəsatət 1991-ci il fevralın 5-də qəbul edildi və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunla üçrəngli bayrağımızı yenidən dövlət atributu elan etdi. Naxçıvan üzərində 1990-cı il noyabrın 17-də, bütün Azərbaycanda isə 1991-ci il fevralın 5-də bu bayraq qürurla dalğalandı. Həmin dövr milli dövlətçilik ənənələrinin bərpasının başlanğıcı oldu.

Bu gün bu müqəddəs rəmz hər bir Azərbaycan vətəndaşının qəlbində yaşamaqdadır. Prezident İlham Əliyevin imzaladığı 2009-cu il sərəncamı ilə 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd olunması bu dəyərin əbədiləşdirilməsidir. Bayrağımızın işğaldan azad edilmiş bütün torpaqlarda dalğalanması Azərbaycan xalqının birliyinin, milli qürurunun və qalibiyyətinin təcəssümüdür. Hər bir azərbaycanlı bu bayraq altında vətən sevgisi ilə nəfəs alır, onu qorumağı şərəf sayır.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.